"Neftçi" müdafiədə düzgün oynadığı üçün qalib gəldi".
Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov flaqmanın səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə yendiyi Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib. 74 yaşlı mütəxəssis "ağ-qaralar"ın topu özlərinə saxlayıb, əks-hücumlara bel bağladığını bildirib: "Derbiyə hər iki komanda yaxşı başladı. "Neftçi" azlıqda qalandan sonra müdafiəyə daha çox fikir verdi ki, bu da başadüşüləndir. Qonaqlar Namik Ələskərovun güclü qabiliyyətindən istifadə etdi və qol vurdu. Bundan sonra "Qarabağ" əziyyət çəkməyə başladı. Xüsusən, hücumda oyun alınmırdı. Cinahlar da yaxşı işləmirdi. Məncə, bu, "Qarabağ"ın ən zəif oyunu idi".
Mircavadov baş hakim Elçin Məsiyevin göstərdiyi 4 qırmızı vərəqəni belə şərh edib: "Neftçi"dən Ömər Buludov və Mamadu Kaneyə, həmçinin "Qarabağ"dan Kevin Medinaya verilən qırmızı vərəqələr, təyin olunan penalti düzgün qərar idi. Amma Voislav Stankoviçə göstərilən ikinci sarı vərəqə xoşuma gəlmədi. İndiki gənc hakimlər öz üzərlərində çox işləyirlər, amma tez vərəqə verirlər. Mübarizəli oyunda sərtlik olur. Erkən vərəqələr gərginliyi, mübarizəni azaldır".
Keçmiş klub rəsmisi Səbuhi Səfiyarlı isə belə oyunlarda baxımlı oyunun çox vaxt ikinci plana düşdüyünü diqqətə çatdırıb: "Turnir cədvəli, ümumi vəziyyət nəyə məcbur edirsə, komandalar adətən onu həyata keçirməyə çalışırlar. İndiki halda "Neftçi"ni baxımlı oyun keçirməyindən daha çox məğlub olacağı halda, "Qarabağ"la xal fərqinin açılmağı narahat edirdi. Yəni, oyun turnir cədvəli baxımından da vacib idi".
Hazırda futbol agenti kimi çalışan Səfiyarlının sözlərinə görə, motivasiya, istək çox olmasına baxmayaraq, "ağ-qaralar" ilk dəqiqələrdən Ağdam klubuna oynamaq imkanı vermək istəməyib: "Elə erkən qırmızı vərəqə də bu istəkdən irəli gəlirdi. Ömər Buludov gənc futbolçudur, özünü "yandırdı". Bununla belə, "Neftçi" sonadək döyüşdü və azlıqda rəqibinə qalib gəldi. Bəlkə də bu, "Qarabağ" üçün gözlənilməz nəticə idi".