Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun sonuncu oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub.
"ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.
Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.
Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.
---------------------------------
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah" Masazırdakı "Bank Respublika Arena"da "Qəbələ" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Ramil Şeydayev vurub. 25 yaşlı forvardın qolu eyni zamanda komandasının 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Sabah" sonuncu pillədə xilas olaraq, 7-ci sıraya yüksəlib. "Qəbələ" isə 23 xalla 5-ci yerdə qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzub. Turun açılış matçında isə "Səbail" və "Zirə" qolsuz heç-heçəyə razılaşıb. Tura hazırda davam edən "Keşlə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.
---------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasından XXI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, çempionatın liderlərindən "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Bakcell Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"ın heyətində Rəhim Sadıxov 4-cü dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi 42-ci dəqiqədə penaltini də dəqiq yerinə yetirib.
Qələbə sayəsində 29-cu xalını qazanan "Sumqayıt" 4-cü yerdədir. "Neftçi" isə 42 xalla hələ ki, 1-2-ci yerləri bölüşdürür. 72-ci dəqiqədə sarı vərəqə alan Namiq Ələsgərov cəzalı duruma düşüb və XXII turda "Qəbələ" ilə səfər görüşünü buraxacaq.
Matç "Neftçi"nin yeni transferi Keysuke Honda üçün əlamətdar olub. İkinci hissənin əvvəlində meydana daxil olan 35 yaşlı yaponiyalı yarımmüdafiəçi ilk rəsmi matçına çıxıb.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Sabah" "Qəbələ"ni qəbul edir. Tura bu gün keçiriləcək "Keşlə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.
-----------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" 26 xalla 3-cü pillədə yer alan "Sumqayıt"ı sınağa çəkəcək. "Bakcell Arena"dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olacaq. Bunadək baş tutan 33 oyunun 16-da meydan sahibləri, 11-də isə qonaqlar qələbə qazanıblar. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədir - 52:40. "Neftçi” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Sumqayıt” son 4 səfər matçından qolsuz ayrılmayıb.
Digər oyunda autsayder "Sabah" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda Masazır təmsilçisi 16 xalla sonuncu, əyalət klubu isə 23 xalla beşincidir. İki kollektiv indiyədək Premyer Liqada 9 dəfə üz-üzə gəlib. Hərəyə 4 qələbə qazanan tərəflər cəmi bir dəfə heç-heçə ediblər. Bu görüşlərdə meydan sahibləri 11, qonaqlar 9 dəfə fərqləniblər. Son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. “Sabah” 4 oyundur meydanı qolsuz tərk etmir.
Turun son oyunu isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları arasında olacaq. 42 xalla 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Çempionatın iki bombardirindən biri olan Mahir Emreli və yarımmüdafiəçi Qara Qarayev zədə səbəbindən meydana çıxa bilməyəcək. 17 xalla 7-ci sırada yer alan "Keşlə"də isə yeganə itki cəzalı Tərlan Quliyevin yoxluğudur. Komandalar bugünədək çempionatda 64 dəfə rəqib olublar. Bu oyunların 13-ü meydan sahiblərinin, 30-u isə qonaqların xeyrinə başa çatıb. Topların fərqində də son ölkə çempionu öndədir - 82:41. “Qarabağ” son 9 oyunda uduzmayıb. “Keşlə” son 4 ev matçında qol vurmayıb.
4 aprel (bazar)
16:30. “Neftçi” – “Sumqayıt” - 0:2
Qollar: Rəhim Sadıxov, 4; 42 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”.
17:30. “Sabah” –“ Qəbələ” - 1:0
Qol: Ramil Şeydayev, 45+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.
18:30. “Keşlə” – “Qarabağ” - 1:1
Qol: Rəhman Hacıyev, 7 - Patrik Andrade, 90+2 (pen.)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”.
Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.