"Aydın məsələdir ki, futbolumuzdakı problemlər daim müzakirə olunur. Bu gün məmnun deyiliksə, səbəblərini axtarmaq lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. Milli komandanın sabiq kapitanı problemlərin klublarla və klubların baş məşqçiləri ilə əlaqələndirilməsinin əleyhinə çıxıb: "Bir də görürsən ki, futbolçuların yığmada fiziki cəhətdən yaxşı olmamalarına cavabdeh kimi klublar göstərilir. Səbəblərin klublarda və klubların baş məşqçilərində axtarılması ilə, ümumiyyətlə, bu cür fikirlərlə qəti razı deyiləm".
Sadıqovun fikrincə, daha templi, daha sürətli və daha keyfiyyətli futbol oynamaq üçün daha keyfiyyətli futbolçular lazımdır: "Bu, aydın məsələdir. Hazırda səviyyəmiz budur, futbolçularımız budur, yetişdirdiyimiz futbolçular budur. Futbolçu öz-özünə futbolçu olmur, onu yetişdirmək lazımdır. Bu gün kimlərləsə ayaqlaşmaq istəyiriksə, təkcə meydanda 90 dəqiqə ərzində baş verənlərə diqqət yetirməməliyik. Həmin 90 dəqiqə ən son pillədir. Beynəlxalq miqyasda bütün oyun ərzində yüksək səviyyədə çıxış etməkdən ötrü ora pillə-pillə getməliyik. Bu, çox qlobal və saatlarla müzakirə edilməli məsələdir. Amma sonda elə olmamalıdır ki, hər şey klubların baş məşqçilərinin başında çatlasın, "Siz niyə belə futbol oynadırsınız, başqası olsaydı, fərqli futbol oynadardı" deyilsin. Başqa futbol oynadanları da görürük, görmüşük, çox görmüşük".
Baş məşqçi bildirib ki, futbolçuların meydanda vaxtından əvvəl yorulmalarının müəyyən səbəbləri var: "Kimsə 60-cı dəqiqədə yorulursa, bu, futbolçunun fiziki cəhətdən hazır olmaması faktı kimi qəbul olunmamalıdır. Ola bilər ki, məşqçi futbolçunu oyuna fiziki cəhətdən düzgün hazırlamayıb. Futbolçu 60-cı dəqiqədə iki səbəbdən yorula bilər: fiziki cəhətdən hazır olmadıqda və fiziki olaraq, yükləndikdə. Bir məşq kifayət edir ki, futbolçunu fiziki cəhətdən yükləyəsən və o, 60-cı yox, 30-cu dəqiqədən sonra meydanda "gəzsin". Yetərincə gümraht futbolçuya həftəiçi bircə yanlış məşq tapşırığı verərsən, o da oyunun 20-30-cü dəqiqələrindən sonra çatdırmaya bilər".
38 yaşlı mütəxəssis yerli baş məşqçilərin klublarda imkanlarından artıq işlər gördüklərini vurğulayıb: "Bu gün Aftandil Hacıyev "Səbail"də kiçik büdcə ilə bəlkə də bir çox klublara və millilərə lazım olmayan futbolçularla çempionata rəng qatır, rəqabət aparır. İstər liderlər, istər ortabab, istərsə də nisbətən zəif komandalarla mübarizə aparır, baş məşqçi işini göstərir. Yaxud götürək Ayxan Abbasovun "Sumqayıt"da, Samir Abasovun "Neftçi"dəki işini. Düşünmürəm ki, əsas problem klub baş məşqçilərindədir. Xeyr, əksinə, düşünürəm ki, xüsusən yerli baş məşqçilərimiz əllərindəki imkanlardan artığını göstərirlər. Bilmək olmaz ki, həmin baş məşqçilərin əllərində daha fərqli futbolçular olsa, hansı səviyyədə, hansı çempionatlarda bizi layiqincə təmsil edərlər. Öz baş məşqçilərimizə inanmalı, güvənməli, yaxşı işlərini görməliyik. Onların hər dəfə neqativ formada təqdim edilmələri ilə razı deyiləm".
Sadıqovun sözlərinə görə, çempionatın maraqsız keçməsinin səbəbi bütün baş məşqçilərdən, o cümlədən, müxtəlif yaş qrupları üzrə yığmaların və əsas millinin sükanı arxasında olanlardan soruşulmalıdır. Onun fikrincə, səbəb bir komandanın o birindən ciddi fərqlənməməsidir: "Razıyam, "Neftçi" və "Qarabağ" rəqiblərindən daha baxımlı oynayır. Bu da aydın məsələdir: Premyer Liqanın iki favorit komandalarıdır, çempionluğa oynayırlar, ona görə də rəqiblərindən bir qədər fərqlənirlər. Amma böyük fərqin olması, oyunlarda bir komandanın digərini ikibaş üstələməsi fikirləri ilə qəti razılaşmıram. Yenə komandalar mübarizə göstərirlər. Götürək, "Səbail"in "Neftçi"yə qarşı ötən oyununu. 0:4 hesablı məğlubiyyətə rəğmən, çox gözəl çıxış etmişdilər. Götürək, Elmar Baxşıyevin "Qəbələ"də gördüyü işləri. Öz klub baş məşqçilərimizin əllərində istər əvvəlki kimi, istərsə də milli komandanın baş məşqçilərində olduğu kimi geniş seçim imkanları olsa, hamısı öz bacarıqlarını və ustalıqlarını tam fərqli səviyyədə ortaya qoya bilər".