"Püşkatmanın nəticəsindən çox da razı qaldığımızı demək olmaz. Çünki qrupda Danimarka, Rusiya və Malta kimi rəqiblər var".
Sportnet.az-ın məlumatına görə, bu fikiləri Azərbaycan millisinin DÇ-2023-ün seçmə mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Samira Hurem "Sport1" nəşrinə açıqlamasında püşkü dəyərləndirərkən deyib.
49 yaşlı mütəxəssis Siyasət Əsgərovun baş məşqçi olduğu komandanı yaxşı tanımadıqlarını bildirib: "Azərbaycan bizə tanış rəqib deyil. Bu komanda ilə heç-heçə etməməyi arzulayıram. 5 və 6-cı səbətdən gələn komandalara qarşı daha yaxşı mübarizə aparacağımıza əminəm. Danimarka və Rusiya kimi yığmaları isə təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik".
E qrupunda yer alan Monteneqro millisinin baş məşqçisi Mirko Mariç isə bəxtlərinin gətirdiyini söyləyib: "Digərlərindən fərqli, biz daha münasib qrupa düşmüşük. Amma asan oyun yoxdur. Bütün rəqiblərə qarşı var gücümüzlə mübarizə aparmalıyıq. Azərbaycan və Malta kimi kollektivlərə qarşı oynaya bilərik. İstənilən halda xal və ya xallar qazanacağımızı arzu edirik. Heç kim bu ümidi bizdən ala bilməz".
Qeyd edək ki, Azərbaycan millisi Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro seçmələri ilə E qrupuna düşüb.
Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul - 20 avqustda təşkil olunacaq.