UEFA Çempionlar Liqasında ikinci finalçının da aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalın cavab oyununda İngiltərədə İspaniya "Real Madrid"ini 2:0 hesabı ilə məğlub edən "Çelsi" finala vəsiqə qazanıb.
Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. Son nöqtəni isə 85-ci dəqiqədə Meyson Maunt qoyub. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı - 1:1.
Qeyd edək ki, "Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.
------------------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, bununla da turnirin ikinci finalçısı bəlli olacaq.
İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" komandaları həlledici qarşılaşmaya son vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "zadəganlar" Londonda bu üstünlükdən yararlanmağa çalışacaq. İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Sadəcə, Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqdir. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Timo Verner, 28, Meyson Maunt, 85
İlk oyun - 1:1
Qeyd edək ki, Çempionlar Liqasında ilk finalçı artıq bəllidir. Yarımfinalın digər cavab oyununda İngiltərədə Fransanın PSJ komandasını 2:0 hesabı ilə məğlub edən "Mançester Siti" tarixində ilk dəfə turnirin həlledici oyununa vəsiqə qazanıb.