
Futbol üzrə Avropa çempionatının F qrupunda keçirilmiş Portuqaliya - Almaniya oyununda rekord və antirekordlar qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, bu, iki avtoqolun qeydə alındığı ilk matç kimi Avropa çempionatlarının tarixinə düşüb. İndiyədək final mərhələlərində bir oyunda iki avtoqol vurulmayıb. Portuqaliyanın heyətində 35-ci dəqiqədə Ruben Diaş, 4 dəqiqə sonra isə Rafael Gerreyru topu öz qapısından keçirib.
Beləliklə, AVRO-2020-dəki avtoqol sayı 5-ə çatıb. Bu da antirekord hesab edilir. Son olaraq AVRO-2016-da futbolçular 3 dəfə topu öz qapılarına vurub.
Almaniya yığmasının 3-cü qoluna imza atan Kay Haverts isə tarixə düşüb. İngiltərənin "Çelsi" klubundan yığmaya çağırılmış hücumçu millinin heyətində qitə çempionatında fərqlənən ən gənc oyunçu olub. O, 22 yaş 8 günündə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, qarşılaşma Almaniyanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.