Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə eyni saatda start götürən matçlarda Danimarka Rusiya ilə, Belçika isə Finlandiya ilə qarşılaşıb.
Kopenhagendəki "Parken" stadionunda baş tutan görüş danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub. 59-cu dəqiqədə Yussuf Poulsen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib. Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.
Bekçika seçməsi isə Finlandiyanın qapısından 2 cavabsız qol keçirib. 74-cü dəqiqədə finlandiyalıların qapıçısı Lukaş Qradetski avtoqol müəllifi olub. 81-ci dəqiqədə isə Romelu Lukaku yekun hesabı müəyyənləşdirib - 2:0.
Bu nəticələrdən sonra qrupda Danimarka, Finlandiya və Rusiya 3 xala malik olsa da, birincilər daha yaxşı göstəriciyə malik olduğundan 1/8 finala vəsiqə qazanıb. Finlandiya 3-cü yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir. Rusiya yığması isə sonuncu olaraq, qrupda qalıb.
1/8 finalda Belçika millisi A, D, E və ya F qrupunun üçüncüsü ilə qarşılaşacaq. Danimarkalılar isə növbəti raundda Uelsə rəqib olub. Bu cütün qalibi 1/4 final matçını Bakıda keçirəcək.
Qeyd edək ki, daha əvvəl İtaliya, Niderland, Uels və Avstriya yığmaları 1/8 finala çıxıblar.
------------------------------------
Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, C qrupunda Niderland millisindən sonra, Avstriya yığması da pley-offa vəsiqə qazanıb.
Qrupdakı son oyunda Ukrayna seçməsi ilə üz-üzə gələn Franko Fodanın baş məşqçi olduğu kollektiv minimal hesablı qələbə qazanıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüşdə yeganə qolu 21-ci dəqiqədə Feliks Baumqartner vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar. Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Bu oyun iyunun 26-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq. Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.
C qrupunun digər oyununda Niderland və Şimali Makedoniya yığmaları üz-üzə gəliblər. Amsterdamdakı "Yohan Kroyf Arena"da oynanılan və formal xarakter daşıyan görüş "narınclılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 24-cü dəqiqədə Memfis Depay, 51 və 58-ci dəqiqələrdə isə Corcinyo Veynaldum vurublar. Niderland seçməsi pley-offda D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Görüş iyunun 27-də Macarıstanın payaxtı Budapeştdəki "Puşkaş Arena"da olacaq.
Qeyd edək ki, bu gün B qrupunda da mübarizəyə yekun vurulacaq. Bakı vaxtı ilə eyni saatda 23:00-da başlayacaq matçlarda Rusiya millisi Danimarka ilə, Finlandiya yığması isə Belçika ilə üz-üzə gələcək.
------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bunlardan ikisi B, digər ikisi isə C qrupunda gerçəkləşəcək.
B qrupunda Finlandiya Belçika ilə, Rusiya isə Danimarka ilə üz-üzə gələcək. Qrupda yalnız Belçika 1/8 final mərhəlsinə vəsiqəni təmin edib. 3 xala sahib komandalardan Rusiya və Finlandiya növbəti mərhələ üçün yaxşı nəticə qazanmalıdır. Hər iki görüşdə uduzan Danimarka isə qələbə əldə etməli və ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.
C qrupunda növbəti mərhələyə vaxtından əvvəl yüksəlmiş Niderland seçməsi 1/8 üçün şansı qalmayan Şimali Makedoniya ilə üz-üzə gələcək. İkinci yer uğrunda mübarizədə isə Ukrayna və Astriya görüşəcək.
AVRO-2020
III tur
B qrupu
23:00. Rusiya - Danimarka - 1:4
Qollar: Artyom Dzyuba, 70 (penalti) - Mikkel Damsqor, 38, Yussuf Poulsen, 59, Andreas Kristensen, 79, Yoakim Mexle, 82
Baş hakim: Kleman Türpen (Fransa)
Kopenhagen. “Parken” stadionu
23:00. Finlandiya - Belçika - 0:2
Qol: Lukaş Qradetski, 74 (avtoqol), Romelu Lukaku, 81
Baş hakim: Feliks Brix (Almaniya)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu
Xal durumu: Belçika - 6, Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0
C qrupu
20:00. Ukrayna - Avstriya - 0:1
Qol: Feliks Baumqartner, 21
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. "Milli Arena"
20:00. Şimali Makedoniya - Niderland - 0:3
Qollar: Memfis Depay, 24, Corcinyo Veynaldum, 51; 58
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”
Xal durumu: Niderland - 9, Avstriya - 6, Ukrayna - 3, Şimali Makedoniya - 0