"Səbail" klubu baş məşqçi Aftandil Hacıyev və futbolçu Nikolas Rayselə qarşı AFFA İntizam Komitəsinin çıxardığı qərardan narazı qalıb.
Klubun mətbuat katibi Mehriban Müstəlova Sportnet.az-a açıqlamasında İntizam Komitəsinin cəzalarını ağır saydıqlarını bildirib. O, qərara yenidən baxılması üçün apellyasiya verəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, İntizam Komitəsi Nikolas Rayseli səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəbindən 4 oyunluq diskvalifikasiyaya məruz qoyub. Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq cəzalandırılıb. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.