"Fasilədən sonra futbolçular üçün ilk oyun ağır keçir".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis qol epizodları baxımından rəqibdən geri qalmadığını bildirib: "Amma "Zirə"nin ustalığı və təcrübəsi öz sözünü dedi. Kubokda cavab matçları da önəmlidir. Az da olsa, şansımız qalır. Futbolçular üçün çox çətindir. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Çempionat matçına hazırlaşmalıyıq".
O, heyətlə bağlı problemlər olduğunu söyləyib: "Heyətimiz geniş deyil. Son həftədə xəstələnən futbolçularımız oldu. Bu da oyunumuza təsir etdi. Bu gün Mirsayib Abbasovun oynamaması da xəstəliklə bağlı idi".
Hacıyev Nikolas Rayselin ayağında ağrı hiss etdiyi üçün fasilədə əvəzləndiyini vurğulayıb. "Hazırda heyətimizi gücləndirmək yox, əsasən doldurmaq barədə düşünürük. Çempionatın qalan hissəsini əvəzedici heyətdən götürdüyümüz oyunçularla davam etdirəcəyik".
Baş məşqçi transfer etməyə çalışdıqları Tural Bayramlının əvvəlki klubu Yunanıstan "Pierikos"u ilə ciddi problemlərinin olduğunu qeyd edib: "Bunu həll etməyə cəhd etsək də, hələlik alınmır. İnanırıq ki, yaxın vaxtlarda müsbət cavab alacağıq".
"Zirə"nin məşqçisi Vaqif Paşayev isə komandanın yaxşı oyun göstərdiyini bildirib: "Onların çıxışından razı qaldım. Amma qarşıda "Keşlə" ilə çempionat oyunumuz var. Bizim üçün vacib matçlardan biridir. Həmin oyuna hazırlaşacağıq".