
“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi saytına müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, geridə qalan “Keşlə” və qarşıdan gələn “Sabah”la oyun haqda fikir bildirən paraqvaylı futbolçu azarkeşlərə səslənib...
- "Neftçi"nin Azərbaycan Kubokunda yarımfinala yüksəlməsində və ardından isə “Keşlə” ilə çempionat matçında inamlı qələbə qazanmasında sizin də əməyiniz oldu...
- Sevinirik ki, qələbə qazanıb yarımfinala çıxa bildik. Deməzdim ki, bu mənim sayəmdə oldu. Bəli əməyim oldu, amma bütün komanda yoldaşlarımın sayəsində. Onlarla oynayanda özümü çox rahat hiss edirəm. Bu qələbə bütün komanda üzvlərinin, məşqçilərin işidir. Biz birlikdə daha yaxşıyıq.
- Bu mövsüm Premyer Liqada 3 qola imza atmısınız ki, bunlardan 2-si keçmiş klubunuz “Keşlə” ilə oyunda olub. Bunun xüsusi səbəbi varmı?
- Bəli, buna sevinirəm, amma xüsusi bir şey yoxdur. Mən hər gün “Neftçi”yə kömək etmək üçün çalışıram. Əsas odur ki, qalib gəldik.
- Qarşıdan “Sabah”la çətin səfər matçı gəlir. Necə düşünürsünüz: kubok oyununda olduğu kimi, bu dəfə də “Bank Respublika Arena”dan qalib ayrıla biləcəksiniz?
- Bu həftə hazırlığa başlamışıq. 95 dəqiqə oyuna köklənməliyik. Bütün komanda hazır olsa, yaxşı nəticə qazanacağıq.
- Xüsusilə son iki qarşılaşmada göstərdiyin oyunla azarkeşlərin rəğbətini qazanmısınız. Onlara sözün varmı?
- Hər matçda azarkeşlərin dəstəyi çox vacibdir. Buna çox ehtiyacımız var. “Sabah”a qarşı növbəti matçda hər birini gözləyirik. Dəstəyinizə ehtiyacımız var.