Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu evdə "Draqovolyats"a 2:0 hesabı ilə qalib gəldikləri XXIX tur matçında forma geyinib. Oyuna ehtiyatda başlayan Emreli 70-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub. 77-ci dəqiqədə o, fərqlənməyə yaxın olsa da, qüvvətli zərbəsini rəqib qapıçı dəf edə bilib.
Hesabı 46-cı dəqiqədə Komnen Andriç açıb. 81-ci dəqiqədə isə "Draqovolyats"ın futbolçusu İvan Smolçiç topu avtoqol edib.
Bununla da 28 oyundan sonra xalını 60-a çatdıran "Dinamo" birinci pillədə yer alıb. Zaqreb komandasının ehtiyatda bir matçı da var.