"Komandanın regionu təmsil etməsi məsuliyyətimizi daha da artıracaq"
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Şamaxı" komandasının baş məşqçisi Sənan Qurbanov "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" adlandırılmasına münasibət bildirərkən deyib.
42 yaşlı mütəxəssis "Şamaxı" adı ilə ilk oyunlarının XXII turda son çempion "Neftçi"yə qarşı olacağını xatırladıb: "Aprelin 8-də Şamaxıya yollanacağıq. Yaxşı nəticə qazanmaq istəyirik. Bizim üçün çox vacib qarşılaşmadır. İlk oyunda Şamaxıdakı futbol azarkeşlərini də sevindirmək istəyirik. Bizi maraqlı matç gözləyir. Artıq bir regionu təmsil edəcəyik. Bu səbəbdən tam məsuliyyətli olmalıyıq. Hər zaman işimizə məsuliyyətli yanaşmışıq. Amma Şamaxıda oynamaq bizə ikiqat motivasiya verəcək. Çünki orada yerli azarkeşlər bizi dəstəkləyəcəklər. Çalışacağıq ki, bu məsuliyyətin altından istədiyimiz kimi çıxa bilək".
Qurbanov komandanın harada məskunlaşması barədə planın hələlik dəqiqləşmədiyini söyləyib: "İmişizi "Neftçi" ilə oyuna görə qurmuşuk. Aprelin 8-də Şamaxıya yollanacağıq. Qarşıda necə olacaqsa, duruma görə hərəkət edəcəyik. Çempionatın başa çatmasına 7 tur var və hələlik "ASK Arena"da məskunlaşmışıq və məşq prosesini davam etdiririk".
Baş məşqçi Şamaxıya gedib-qayıtmağın komandaya çətinlik törətməyəcəyini vurğulayıb: "Məsafə də o qədər çox deyil. Növbəti qarşılaşmalarda 2-3 gün əvvəl gedə və ya Şamaxıda qalıb məşqləri orada davam etdirə bilərik. Çalışacağıq ki, komandaya xeyirli olanı edək".
Mütəxəssis son 7 turda yaxşı nəticələr qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Hər matça qalibiyyət və ən yaxşı oyunumuzu sərgiləmək üçün çıxırıq. Bu, çox önəmlidir. Məğlubiyyətlərdən nəticə çıxarmağa çalışırıq. Bütün nəticələri düzgün analiz etməliyik. Avrokuboka vəsiqə qazana bilməsək də, sonda bir mükafat var. O mükafatı yalnız işə yanaşma ilə qazana bilərsən. Avrokubokda iştirakı əldə edə bilməsən də, işinə ciddi yanaşmalısan. Gələcəkdə bunun mükafatını və qarşılığını mütləq görəcəyik. Bu səbəbdən, oyunçuların motivasiyalarının üst səviyyədə olması üçün çalışırıq".
Qurbanov legioner və yerli futbolçuların klubla müqavilələrin olduğunu bildirib: "Komandanın harada məskunlaşması peşəkar futbolçu üçün önəm kəsb etməməlidir. O qədər də çox əcnəbi oyunçumuz yoxdur. Amma hamımız bir ailənin üzvüyük, Şamaxıda oyunların keçiriləcəyi ilə bağlı problem olmayacaq".
Baş məşqçi mövsümün sonunda müqaviləsinin başa çatacağını xatırladıb: "Hələlik yeni sözləşmə ilə bağlı danışığımız olmayıb. Qarşıdakı oyunlara hazırlışıq. Hələlik işimizə davam edirik".
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək "Şamaxı" - "Neftçi" oyunu saat 14:00-da başlayacaq.