"Son vaxtlar qol vurmaqda çox çətinlik çəkirəm".
Sportnet.az məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"undakı çıxışı barədə danışarkən deyib.
Evdə "Kocaelispor"a 2:1 hesabı ilə qalib gəldikləri ev oyununda yararlana bilmədiyi qol epizodundan söz açan 27 yaşlı yarımmüdafiəçi bunu tələskənliklə əlaqələndirib: "Bir addım öndə olsaydım, daha yaxşı olardı. Bir qol vursam, bəlkə də davamı gələcək. Amma heç cür tilsimi qıra bilmirəm. İnanıram ki, qarşıdakı matçlarda fərqlənərək, komandama kömək edə biləcəyəm".
Qələbəyə görə sevincli olduğunu söyləyən təcrübəli oyunçu turnir cədvəlinin son 3 pilləsində qərarlaşan komandalar arasındakı görüşlərin vacib olduğunu dərk etdiklərini bildirib: "Sıralama baxımından mütləq qalib gəlməli olduğumuz önəmli qarşılaşma idi. Başqa çıxış yolumuz yox idi. Azarkeşlərimizin dəstəyi ilə 3 xal qazandıq".
Ələskərov "Bursaspor"un I Liqada qalacağına inandığını vurğulayıb: "Belə bir komandanın aşağı dəstəyə düşməsini düşünmək belə, çox ağırdır. Ona görə də sonadək mübarizə aparacağıq".
Qeyd edək ki, "Kocaelispor"a qarşı matça start heyətində çıxan Ələskərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə Ramazan Keskinlə əvəzlənib.