"Qarabağ" klubunun futbolçusu Kadi Borges "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Azərbaycan Premyer Liqasının XXIII turunda "Şamaxı"nı 8:0 hesabı ilə məğlub etdiniz. Komandanız üçün belə bir tarixi nəticənin qeydə alınacağını gözləyirdiniz?
- Matça çox yaxşı hazırlaşmışdıq. Qələbə gözləntilərim də var idi. Bilirdim ki, 3 xal qazanmaq şansımız çoxdur. İstəyimizə də çatdıq. Amma belə böyükhesablı qələbənin olacağını, 8 qol vuracağımızı gözləmirdim. 3:0-dan sonra rəqib ruhdan düşdü, biz isə başladığımız tempdə, eyni ritmdə oyuna davam edirdik. Sonda da 8:0 hesablı qələbə qeydə alındı.
- "Qarabağ" və çempionatdakı rəqibləri arasında səviyyə fərqi hiss olunur. Bu, qarşılaşmalara köklənmək baxımından sizə çətinlik yaratmır?
- Öz adıma deyə bilərəm ki, rəqibin kimliyindən asılı olmayayaraq, növbəti oyun mənim üçün həmişə çox önəmli olub. Bütün matçlara eyni həvəs və istəklə çıxıram. Qeydə alınan nəticələr onu göstərir ki, bütün komanda yoldaşlarım çempionata ciddi yanaşırlar.
- "Qarabağ"dakı ilk mövsümünüzdə çempionluğa çox yaxınsınız...
- Mövsümün əvvəlində bu kluba keçəndə çempionluq və ölkə kubokunu qazanmaq kimi gözləntilərim var idi. Onu da bilirdim ki, komandamız ötən mövsüm son turda çempionluğu əlindən qaçırıb. "Qarabağ"ın ardıcıl 7 mövsüm çempion olmasından da xəbərdar idim. Bir sözlə, komandanın potensialına bələd idim. Yenidən titulu əldə edə biləcəyimizə inanırdım. Mövsümün əvvəlində çempionluğu və ölkə kubokunu hədəf kimi qarşıma məqsəd qoymuşuq.
- Bu mövsüm Premyer Liqada yaxşı çıxış edən futbolçulardan hesab olunursunuz. Özünüzü mövsümün oyunçusu adına layiq görürünüzmü?
- Özüm haqqımda danışmağım yaxşı deyil, digər şəxslər fikir səsləndirə bilərlər. Kimsə məni mövsümün ən yaxşı futbolçularından biri hesab edirlərsə, bu, çox əladır. Məqsədim öz oyunumla "Qarabağ"ın uğurlarına və komanda yoldaşlarıma faydalı olmaqdır. Buna görə hər məşqdə çox çalışır və daha çox xeyir vermək istəyirəm. Premyer Liqada yaxşı və keyfiyyətli futbolçular var. Mövsümün ən yaxşı oyunçusu adına Abdullah Zubir, Patrik Andrade və Kevin Medina kimi oyunçular da iddia edə bilərlər. Hətta komandamıza yeni qoşulmuş Leandro Andrade də var. Gənc olmasına baxmayaraq, perspektivlidir və oyunumuzu çox yaxşılaşdıra bilir. Qeyd etdiyim oyunçular da bu nominasiyada qalib ola bilərlər.
- "Qarabağ"la 2023-cü ilədək müqaviləniz var. Digər klublardan yaxşı təklif olacağı təqdirdə, ayrılmaq ehtimalınız varmı?
- Gələcək sirli qutudur. Nə baş verəcəyini heç kim bilmir. Ona görə həmişə gələcək haqqında danışmaqdan yayınıram. Əsas odur ki, hazırkı komandamda çox xoşbəxtəm. "Qarabağ" həqiqətən böyük klubdur. Mənim məqsədim oyunumla komandanın uğurlarında pay sahibi olmaqdır. Gələcək haqqında bir şey deyə bilərəm. Burada 2 və ya 10 il olacağımı bilmirəm. Bunu heç kəs deyə bilməz. Çünki nə məndən, nə də klubdan asılıdır. Bu günlə yaşayıram. Əsas odur ki, komandama xeyirli olum. Nə qədər burada oacağamsa, bunun üçün çalışacağam. Amma gələcək haqqında heç nə deyə bilmərəm.
- Ölkə kubokunda "Qəbələ" ilə qarşılaşacaqsınız. Finala vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
- Yarımfinal oyunları xeyli rəqabətli olacaq. Hər iki komandanın meydana əsl mübarizə əzmi çıxacağına şübhə etmirəm. Öz komanda yoldaşlarıma, məşqçilər korpusuna inanıram. Bu qarşılaşma üçün doğru olan strategiyanı seçəcəyik. Bəzən nəticəni nəzarətdə saxlamaq olmur. Əsas işimiz meydanda doğru olanı etmək və məşqçilərin tapşırıqlarını yerinə yetirməkdir. İstənilən halda, ümid edirəm ki, sonda uğur qazanan biz olacağıq.
- "Qarabağ" hər iki titula sahib çıxa bilərmi?
- Əlbəttə. Potensialı, böyüklüyü, gücü bunu deməyə əsas verir ki, komandamız daxili yarışlarda bütün titullara iddialıdır. Cari mövsüm həm Premyer Liqada, həm də ölkə kubokunda titula sahib çıxmaq istəyirik.
- Daha böyük çempionatlarda mübarizə aparmaq istərdiniz və avrokuboklardakı parlaq çıxışınızdan sonra təkliflər almısınız?
- Daha əvvəl də qeyd etdiyim kimi, gələcəklə bağlı nə isə deyə bilmərəm. Allah mənə nə sürpriz və macəra hazırlayıbsa, ona hazır olmalıyam. Məqsədim ancaq bu günü və sabahı fikirləşməkdir. Hazırda komandamın uğurlarında pay sahibi olmaq istəyirəm. Bir ay, bir il sonra nələrin baş verəcəyini isə deyə bilmərəm. Ona görə də bununla bağlı heç nə deyə bilmərəm.