
AFFA İntizam Komitəsi (İK) "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 4-ü şərti olmaqla, 5 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna 42 yaşlı mütəxəssisin "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.
Baxşıyevə 3 ay sınaq müddəti, "qırmızı-qaralar"a 4000 manat cərimə təyin edilib. Əyalət təmsilçisi azarkeşlərin kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi ucbatından 4000, meydana kənar şəxsin daxil olmasına görə 1600 manat ziyana düşüb. "Sumqayıt" isə 5 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat ödəcəyək.
Bundan əlavə, İK "Qarabağ" klubuna xəbərdarlıq edib. Buna "köhlən atlar"ın "Şamaxı"nı 8:0 hesabı ilə məğlub etdiyi qarşılaşmaya dövlət yanğından mühafizə xidməti maşının gec gəlməsi səbəb olub.
Ağdam təmsilçisinin 5 futbolçusu "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda sarı vərəqə görüb, klub 800 manat məbləğində cərimələnib.