
Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun finalı hər iki komanda üçün əlamətdar ola bilər.
Sportnet.az-ın məlumatına görə, titulu "Qarabağ" qazansa, Qurban Qurbanov yeni rekorda imza atacaq. O, baş məşqçi kimi bu mükafata ən çox sahib çıxan ilk mütəxəssis olacaq. Qurbanov hazırda eyni sayda - 4 dəfə qalib adını qazanan Mehman Allahverdiyevlə şərikdir.
"Zirə"nin qələbəsi isə Rəşad Sadıqova ilk titulunu qazandıracaq. Sadıqov bu turnirdə baş məşqçi kimi qalib olan 16-cı mütəxəssis olacaq.
Bundan əlavə, "köhlən atlar" qələbə qazanacağı təqdirdə 7-ci dəfə Azərbaycan Kubokunu əldə edəcək və ölkə futbolu tarixində yeni rekord müəyyənləşdirəcək. İndiyədək 6 dəfə bu mükafata sahib çıxan Ağdam klubu "Neftçi" ilə şərikli rekordçudur.