"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyanın "Universitatya Krayova" komandasından istefa səbəbi müəyyənləşib.
Sportnet.az-ın "Digisport"a istinadən məlumatına görə, bu, 46 yaşlı mütəxəssisin klubun sahibi Mihay Rotaru ilə fikir ayrılığından sonra baş verib.
Regekampf "Styaua"ya rəhbərlik etdiyi vaxt Rotaru ilə dost olsa da, Krayova komandasında birgə çalışdıqları vaxt onların münasibətləri soyuyub. Səbəb isə klubun sahibinin baş məşqçidən köməkçilərinin bir hissəsi ilə vida xahişini etməsi olub. Lakin o, rədd cavabı alıb. Klubun sahibi mövqeyində tam israrlı olduğu üçün tərəflər yollarını ayırmaq üçün danışıqlara başlayıblar.
Nəticədə Regekampf 300 000 avro əvəzinə 180 000 avro təzminat alaraq, "Universitatya Krayova"nı tərk edib. Rotaru onun yerinə Mirel Radoyu gətirmək istəsə də, qarşı tərəfin yüksək maliyyə tələbləri üzündən razılıq əldə olunmayıb. Nəticədə baş məşqçi postu Laslo Balintə həvalə olunub.
Qeyd edək ki, Laurentsiu Regekampfın "Universitatya Krayova"dakı aylıq maaşı 15 000 avro olub. Onun "Neftçi"də aylıq 40 000 avro maaş alacağı bildirilir. Baş məşqçi ilə əvvəlki komandalarında da birlikdə çalışmış Viorel Dinunu əsas köməkçi məşqçi, Boqdan-Kornel Merişanunu fiziki hazırlıq, Florin Aleksandrunu isə qapıçılar üzrə məşqçi olacaq.