“Səbail” komandasının futbolçusu Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib. Sportnet.az xəbər verir ki, kapitan müqavilə müddətinin artırılması ilə bağlı fikirlərini bölüşüb...
– Klubla 1 illik yeni müqavilə imzaladınız. Təəssüratlarınız necədir?
– Hər zaman müsahibələrimdə də qeyd etdiyim kimi, “Səbail” mənim üçün çox doğmadır. Artıq bir neçə ildir burada çıxış edirəm. Növbəti 1 il də bu komandanın uğurları üçün çalışmaq mənim üçün xoşdur. Komandaya fayda verməkdən ötrü əlimdən gələni edəyəcəm. Ötən mövsüm çıxışımız uğurlu alınmadı. Amma indi kapitan olaraq komandanın da adından demək istəyirəm ki, yaxşı nəticə üçün çalışacağıq. Müqavilə müddətini artırdığıma görə şadam.
– Siz Azərbaycan Premyer Liqası tarixində ən çox - 436 oyun keçirən futbolçusunuz. Bu rəqəm növbəti mövsümdə daha da artacaq. Azərbaycan futbolunda qazanmadığınız titul yoxdur. Hazırda futbol oynamağa sizi nə motivasiya edir?
– Futbolda kubok və qələbələr qazanmaq vacibdir. Ancaq bundan da vacibi futbolu sevərək oynamaqdır. Futbolu sevdiyimə görə oynayıram. Bu sevgi uşaqlığımdan bəri davam edir. Futbolsuz qalmaq mənim üçün çətindir.
– 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatını sizinlə birlikdə qazanmış Emin Martinov yenidən “dənizçilər”in formasını geyinəcək. Onun “Səbail”ə qayıtması ilə bağlı nə deyə bilərsiniz?
– Onunla 1 il birlikdə çıxış etdik və həmin mövsümün bürünc mükafatçısı olduq. Hər şeydən əvvəl Emil çox gözəl xarakterə malik insandır. Futbolçu kimi də güclü keyfiyyətlərə sahibdir. Qayıdışı məni sevindirdi. İnanıram ki, həmin mövsüm komandamızın medal qazanmağına necə kömək olubsa, növbəti mövsüm bundan da yaxşı olacaq.
– Komanda tamamilə yenidən qurulur. “Dənizçilər”in sırasına günü-gündən yeni futbolçular qoşulur. Kapitan kimi onlara nə məsləhət görürsünüz?
– Komandamıza çox futbolçu qoşulub. Bunlar komandamızın güclənməsi baxımından sevindirici haldır. Düzdür, hələ yeni oyunçularla söhbət etmək imkanım olmayıb. Lakin əminəm ki, onlar bura nə üçün gətirildiklərini bilirlər. Məşqlərimizdə necə peşəkarlıqla çalışdıqlarını görürəm. Buna görə də düşünürəm ki, onlara nə isə demək artıqdır.
– Kapitan olaraq, “Səbail” azarkeşləri haqqında fikirlərinizi bilmək istərdik: Komanda üzvlərinin növbəti mövsüm azarkeşlərdən gözləntisi nədir?
– Azarkeşlərimiz nəticədən asılı olmayaraq, hər zaman bizi dəstəkləyiblər. Bunu həmişə hiss etmişik. Bu dəstəyin növbəti mövsüm daha da artacağına inanıram. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.