"Əlbəttə, çətin rəqiblə qarşılaşacağıq. 2 il əvvəl bu komanda haqqında bir az məlumat öyrənmişdim".
Sportnet.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Kristoffer Zakariassen klub televiziyasına müsahibəsində deyib.
28 yaşlı yarımmüdafiəçi oyuna əlavə olunmuş 4-cü dəqiqədə "Puşkaş Akademiyası"na vurduğu qolla "Ferentsvaroş"a Macarıstan çempionatının ilk turunda qələbə qazandırıb. Norveçli futbolçu avsustun 3-də Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb: "Mövsümün ilk turunda güclü rəqibə qalib gəldik. Hazırda biz hər iki yarışda yaxşı yerdəyik. Hamı "Qarabağ"la oyuna hazırdır. Bilirik ki, çətin oyun olacaq. Lakin hər şey öz əlimizdədir. Oyunçular yaxşı formada olsalar, qələbə qazanmaq üçün şansımız olacaq".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də Bakıda, cavab matçını avqustun 9-da Budapeştdə keçirəcək.