“Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yeni loqonun paradoks şirkəti tərəfindən hazırlandığı deyilir. Bu loqonun hazırlanması üçün müsabiqə elan olunmuşdu?
- Vaxtın azlığı baxımından bu sifarişi verdik. Paradoks şirkəti ilə əməkdaşlığa başlamazdan əvvəl onların idman sahəsindəki təcrübəsi də araşdırıldı və onlarla əməkdaşlığa qərar verildi.
- Klubun ümumi strategiyası nədir: 5-10 ildən sonrası ilə bağlı hansı planlar var?
- Hər hansı oturuşmuş proqram ortaya qoymaq üçün bəlli müzakirələr aparılmalıdır. Bu məsələlər müəyyən müzakirələr tələb edir. Əsas hədəfi ortaya qoymaq deyil, onu hansı resurslar hesabına əldə etməkdir. Hazırda dövlət səviyyəsində klublara maddi yardım məsələsi müzakirə olunur. Hədəflər maddi məsələlərlə bağlı da ola bilər.
- Komandaya əcnəbi futbolçu cəlb olunacaq?
- Təqdimatdan da göründüyü kimi, ilk mövsümdə komandaya əcnəbi cəlb etmək fikrimiz yoxdur. Amma futbolda çox tez-tez müxtəlif situativ ani qərarlar qəbul oluna bilər. Məşqçilərimizə və heyətimizə inanırıq. Amma bir neçə turdan sonra görsək ki, bu eksperiment uğurlu deyil, müəyyən məsələlərin üzərində düşünməyə başlayacağıq. Böyük ehtimalla ən azı qış fasiləsinə qədər hansısa əcnəbinin cəlb olunması planlaşdırılmır.
- Akademiyanın qurulması planda varmı?
- Bəli, belə bir planımız var. "Keşlə" klubunun bazasında yetişdirdiyimiz, Bakıda məskunlaşan gənclər var. Həmin azyaşlı qrupların valideynlərinə səslənmək istəyirəm. Bəlli narazılıqlar olur. Amma valideynlər də bilsinlər ki, uşaq futbolunun inkişafı "Şamaxı" üçün olduqca vacibdir. Bunu zamanla onlar da görəcəklər. Uşaq futbolunun inkişafı bizim konsepsiyanın ayrılmaz hissəsidir.
- Əvəzedici heyətlə bağlı suallara aydınlıq gəlibmi?
- I Divizionda çıxış etmək imkanımız var. Artıq Zaur İsmayılovla anlaşma əldə edilib. Onun rəhbərliyi altında əvəzedici heyət toplanışa başlayıb. İnzibati məsələlərin həlli üçün də müəyyən vaxtımız var. Komandanın ev oyunlarını Şamaxıda keçirməsi məsələsi də gündəmdədir".
- Yeni loqoda 1997-ci il qeyd olunub. Siz "Xəzər Universiteti"nin yaranma tarixini götürmüsünüz?
- Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il "Xəzər Universiteti"nin yaranması ilə bağlıdır. Biz kökümüzü "Xəzər Universiteti"nin yaranmasından götürürük.
- Klubun rəsmi sponsoru yoxdur. Klub bundan sonra icra hakimiyyətindən, yoxsa AFFA-dan asılı olacaq?
- Hədəfimiz regional idmanın inkişafıdırsa, yerli ictimaiyyətin dəstəyinə arxalanırıq. Bu sahədə artıq çox yaxşı anlaşmalar var. Bugünkü tədbir həm də sponorların cəlb edilməsi baxımından ilk addımımızdır. Biz ilk növbədə sponsora dəyəri, klubun perspektivlərini göstərmək istəyirik. Nə qədər yaxşı danışsaq da, komanda ortaya bir şey qoymasa sponsor cəlb etmək də çətin olar. Dövlətlə bağlı münasibətlər də heç kimə sirr deyil. Dövlətimiz bu sahədə digər klublar kimi, bizə də yardım göstərilir. Klub olaraq ayağa qalxana qədər bu yardımdan yararlanacağımıza ümid edirik.
- “Qarabağ” nümunəsindən “Şamaxı”nın faydalanmaq fikri var?
- “Qarabağ” brenddi. Onlar bizim futbol sahəsində qürur yerimizdi. Qurban Qurbanovun komandası, klub rəhbərliyi ilə əl-ələ verib ortaya dəyər qoyublar. Biz gənc komanda olaraq tək onların deyil, “Qarabağ”ın bəlli təcrübələrindən bəhrələnmək fikirmi zvar.
- Konkret məqsəd və hədəf nədən ibarətdi?
- “Şamaxı”ya ən azından bəlli vəsait xərcləyib gələn şamaxılılar döyüşkən komanda görsünlər. Bu, 1 oyun alınacaq, ya1 dövrəyə alınacaq, zaman göstərəcək.
- Heyət təcrübəsiz gənclərdən təşkil olunub. Məsuliyyət sizdə olacaq. Mövsüm sonunda bir komanda elitadan düşəcək. Təhlükə var?
- Düşsək, biabır olacağıq. Dəstək var azarkeşlərdən, amma 1-2 oyundan sonra dəyişə bilər. Qısa müddətdə yeni yaradılmış komandayıq. Təlim-məşq toplanışını təmin edə bilmədik. Uduzanda da, udanda məsuliyyət baş məşqçidə olur. Amma biz yetərli qədər səbrliyik.
- “Şamaxı” ətrafındakı neqativlər “Keşlə” olandan var. Yeni rəhbərlik yeni yanaşma qoymaq istəyir. Köhnə rəhbərliyin dövründəki neqativlər sizə nə qədər çətinlik yaradacaq?
- Çətinlik görsəydik, bu işə girişməzdik. Köhnə rəhbəlik barədə şərh vermək o qədər də düzgün olmaz. Belə məsləhər oldu ki, Zaur Axundov klubdan ayrıldı və gücünü Futzal federasiyasına yönəltdi. Azərbaycanda şəxsi vəasitini idmana yönəldən şəxslər azdır. Neqativlər ola bilər. Keçmişə yox, gələcəyə fokuslanmalıyıq. Yeni yola çıxmışıq. Keçmişdən qalan problemləri həll etməyə çalkışacağıq.
Ağa DADAŞZADƏ