"Qorxaq yox, ehtiyatlı futbol oynayacayıq. Bəzi futbolçular təəssüf ki, bunları qarışdırırlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"də baş məşqçisi səlahiyyətlərini icra edən Xaliq Mərdanov "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının V tur oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis rəqibin həddindən artıq güclü olduğunu bildirib: "Digər klublardan fərqli futbol oynayırlar və Avropa futbolu nümayiş etdirirlər. Biz də çalışacağıq ki, əlimizdən gələni edək, rəqibə qarşı oyun nümayiş etdirə bilək. Əlimizi-qolumuzu yanımıza sallamayacağıq".
Mərdanov görüşə itkilərlə çıxacaqlarını xatırladıb: "Həm zədəli, həm də cəzalı futbolçularımız bizə kömək edə bilməyəcək. Qarşılaşmaya hazırlığımız yaxşı keçib. İlk günlər uşaqların əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Məğlubiyyətlərdən dolayı üzərlərində təzyiq vardı. Onlara motivasiya verməyə çalışdıq. İndi durumları daha yaxşıdır".
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.