
"İlk hissədəki oyundan sonra futbolçularımla danışmağım normaldır. Onların səviyyəsinə bələdəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis 3 xala görə komandasını təbrik edib: "Yenə 2 fərqli hissə izlədik. İlk yarıda komandam yaşlı insanlar kimi oynayırdı. İkinci hissədə isə necə lazımdırsa, elə də çıxış etdik. Səhvlərimizi analiz edəcəyik. Bizim kimi komanda bu cür səhvlərə yol verməməlidir. Təhlükəli epizoodlar yaratsaq da, düzgün qərarlar verə bilmirdik. Son zərbələr bərbad idi. Özümüzü çətin duruma salırdıq. Bu cür oyunlar xoşuma gəlmir, İmkan varsa, 3 və 4-cü qolları da vurmaq lazımdır".
O, fasilədə oyunçularla çox danışmadığını söyləyib: "Sadəcə, düzgün qərar verməli idim. İki əvəzetməyə əl atdım. Rəqib sağdan çoxlu hücum qururdu. Buna görə İsmayıl Zülfüqarlını meydana buraxdım. Qol epizodunda da çox yaxşı ötürmə etdi. Qol fürsəti yaratmaq üçün hərəkət etməlisən. Bütün futbolçular topu ayağa istəyirdi. Komandaya ikinci yarıda daha çox hərəkət etməyi tapşırdım".
Regekampf Ömər Buludovu əvəzləməsinin səbəbini açıqlayıb: "Son matçlarda çox yaxşı təsir bağışlayır. Bu gün ilk hissədə 1-2 səhv etdi. Bilirik ki, hücumdakı effekti İsmayldakı kimi deyil. Amma bəzən elə oyunçu seçməliyik ki, müdafiədə də bizə kömək etsin. Əminəm ki, qarşdakı dövrdə hər iki futbolçunun biz xeyri dəyəck. Öməri ilk qoldakı səhvinə görə dəyişmədim. Məqsəd İsmayılı meydana buraxıb, hücum xəttini gücləndirmək idi. Sol cinahdan heç bir hücum qura bilmədik. Azər Əliyev eyni ambisiya ilə oynamalıdır. Yaxşı oyunçudur, bizə çox köməyi dəyə bilər. Amma səviyyəsini qorumalıdır".