"Sabah"ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Qarabağ"a 3:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VI tur oyunundakı mübahisəli hakim qərarına münasibət bildirib.
Sportnet.az xəbər verir ki, klub rəsmisi sonuncu penalti qərarından öncə topun yan xətti rəqib futbolçudan tərk etdiyini söyləyib.
62 yaşlı mütəxəssis deyib ki, həmin epizodla bağlı əlavə şərhə ehtiyac yoxdur: "Matçdan dərhal sonra məndən futbol yox, hakimlik haqqında soruşurlarsa, deməli, idarəçilik lazımi səviyyədə deyildi. Buna VAR sistemində baxmaq olmazdımı? Məncə, düzgün qərar vermək üçün çox sadə epizod idi".
Ponomaryovun sözlərinə görə, bu, qarşılaşma zamanı yeganə mübahisəli qərar olmayıb: "Sosial şəbəkələrdə, mətbuatda gedən söhbətlərə baxsanız, nə demək istədiyimi başa düşəcəksiniz. Dünən hər iki komandanın gözəl oyunu ilə əsl futbol izlədik. Amma təəssüf ki, indi futbolun özündən yox, hakimlikdən danışırıq".
Veteran futbolçu hələlik apellyasiya barədə qərar qəbul etmədiklərini söyləyib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim İnqilab Məmmədova Namik Hüseynov və Rahil Ramazanov laynsman qismində yardımçı olub. (Report)