"Bizim üçün bir az üzücü oldu. İlk hissədə çox yaxşı oyun sərgilədik, qol vurduq və hesabı artırmaq üçün 2-3 real şansımız də var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a səfərdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis son saniyələrədək mübarizə aparmalı olduqlarını bildirib: "Oyunçular dərk eləməlidirlər ki, futbol 90 dəqiqə oynanılır. İkinci yarıda sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq. Bu, "Qarabağ"a qarşı ilk matç idi. Rəqibi təbrik edirəm. Növbəti matçda daha güclü olacağıq".
Rumıniyalı baş məşqçi qarşılaşmanı analiz edəcəklərini söyləyib: "Qarabağ" daha çox qol vura bilərdi. Qapımıza buraxdığımız ilk qolda pressinqdən çıxdılar və hücuma keçib fərqləndilər. Yəni, çox asan qol alındı".
Regekampf Salomon Kverkveliya start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. Çempionatdakı fasilədə Mamadu Mbodj üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".
Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə çalışır. Bütün futbolçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik".
Baş məşqçi qarşılaşmada qələbə üçün meydana çıxdıqlarını diqqətə çatdırıb: "Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Hər zaman arxamızdadırlar. Üzülmələri normaldır, mən də onlar qədər üzülürəm. “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq. Rəqib bu gün qələbə qazandı. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis etdiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik".