
"Komanda xarakter göstərdi, matça yaxşı kökləndiyini hiss etdirə bildi. 90 dəqiqə layiqli mübarizə apardıq və bu cür komandaya qarşı sonadək vuruşduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis matçın ağır keçdiyini söyləyib: "Əslində çətin olacağını bilirdik. Demək olar ki, 2 həftə ərzində üçüncü dəfə “Qarabağ”la qarşılaşırdıq. Futbolçuları motivasiya etmək, mikrozədələri aradan qaldırmaq böyük güc tələb edir".
O bildirib ki, heyət geniş olmadığı üçün Rövlan Muradov müdafiədə oynayıb: "Əvəzetmə zamanı da bəzən məcburiyyətdən belə alınır. Buna görə narahat deyilik. Komandanın xarakteri var və bunu dəfələrlə göstərib".
Baxşıyev hazırda avrokuboklar haqqında düşünmədiklərini vurğulayıb: "Premyer Liqada ilin son oyunu qalıb və ona köklənməliyik. Çalışacağıq ki, həm çempionat, həm kubokda uğurla çıxış edək".
Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında Bakıda keçirilmiş ilk oyunu 2:2 hesabı ilə başa çatdığından "qırmızı-qaralar" ev qələbəsi hesabına yarımfinala adlayıb.