"Qarabağ"ın Albaniya millisinin və "Tirana" klubunun futbolçusu Redon Cica ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, 25 yaşlı hücumçu 3,5 illik sözləşməyə imza atacaq.
Klub rəsmisi bildirib ki, təcrübəli forvard bu gün tibbi müayinədən keçəcək: "Heç bir problem aşkarlanmasa, onunla münasibətlər rəsmiləşdiriləcək".
Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.