Sportnet.az Kanadanın aşağı yaş qrupu üzrə futzal yığmalarının baş məşqçisi kimi fəaliyyət göstərən Elnur Qəmbərovun müsahibəsini təqdim edir:
- Bir müddətdir Kanadada yaşayırsınız. Hazırda nə işlə məşğulsunuz?
- Bəli, Kanadanın aşağı yaş qruplarından ibarət futzal yığmasının baş məşqçisi idim. Ancaq komandadan ayrıldım. Çünki müqaviləm yanvarın 25-nə qədər idi. Yeni sözləşmə təklif etsələr də, razılaşmadım. Maliyyə ilə bağlı heç bir problemimiz yoxdur, hər şey yaxşıdır.
- Azərbaycandan getməyinizə nə səbəb olmuşdu?
- 2014/2015 mövsümündə Azərbaycan çempionu olan “Xəzər adaları”nın baş məşqçisi idim. Bir müddət sonra komandamız dağıldı. Bir il gözləsəm də, heç kimdən təklif almadım. Azərbaycan Futzal Federasiyası (AFF) “bu gün-sabah” deyə-deyə bir il də yubatdı. Həyat yoldaşım bədii gimnastika məşqçisidir. Həmin vaxt ona Kanadadan təklif gəldiyi üçün ora yollandıq. Azərbaycandan küsülü getdim.
- Bu müddət ərzində Azərbaycandan sizinlə əlaqə saxlayan olmayıb?
- Xeyr, itirib-axtaran olmayıb. Nə AFFA-dan, nə də AFF-dən maraqlandılar. Halbuki dəfələrlə təmas qurdum, öz xidmətimi təklif etdim, iş istədim. Düzdür, Kanadada dolanışığımız yaxşıdır. Ancaq yenə də insan öz ölkəsində yaşamaq istəyir. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovla əlaqə saxlamağa çox çalışdım, amma bu insanı tapa bilmirəm. Onunla yalnız ötən ilin yayında danışmışdım. Demişdi ki, ölkədə deyiləm, səninlə əlaqə saxlayacağıq. Üzərindən 8 ay keçib, hələ də zəng edən olmayıb. Mən də özümə görə məşqçiyəm, son 15-20 ildə yeganə azərbaycanlı çempion məşqçiyəm. İlin ən yaxşı məşqçisinə iş tapılmır, amma son 7-8 ildə heç bir nailiyyəti olmayan braziliyalı oturub postunda. Bizimkilər yerli mütəxəssislərlə işləməkdə maraqlı deyillər.
- Kanada millisində çalışmaq variantınız necə yarandı?
- Kanadaya yollanan kimi, internetdə axtardım, ora-bura zəng vurdum və yavaş-yavaş işləməyə başladım. “Antalya Cup” turnirində iştirak etdim, ondan sonra məni tanıdılar. Orada gördüyün işin keyfiyyəti tez yayılır. Bir klubda işləyirdim, dəvət elədilər ki, gəl, özünü göstər. İki məşqdən sonra müqavilə bağlamaq qərarına gəldilər. Altı aylıq danışmışdıq, amma sonra bir illik sözləşmə imzaladıq.
- Kanada yığması mənim rəhbərliyim altında yavaş-yavaş öyrənməyə başladı. Bildiyiniz kimi, Kanadada futbol zəifdir. Ancaq ciddilik görmədim. Futzalçılar məşqlərə gah gəlirlər, gah gəlmilər. Mən də bezdim, sözləşməni uzatmaq istəmədim.
- Azərbaycanla Kanada futzalı arasında fərq çox böyükdür?
- Müqayisə etmək düzgün olmaz, çünki fərq böyükdür. Azərbaycanda hər gün məşq keçilir, bunun üçün yerlər var. Kanadada da həddən artıq çox istedadlı uşaqlar var. Çoxu immiqrantdır, İspaniya, İtaliya, Xorvatiya, Rusiya, Ukrayna, həmçinin, Cənubi Amerika ölkərindən gələnlər var. Sadəcə, orada sponsor yoxdur, hər şeyi öz hesablarına qarşılayırlar. Buna görə də futzalları zəifdir.
- Azərbaycan futzalı kənardan necə görünür?
- Azərbaycan futzalı kənardan çox pis görünür. Vaxtilə hamı bizdən qorxurdu, hətta italyanlar, ispanlar da ehtiyatlanırdılar. İndi isə ortabablara da uduzuruq. Yığmanın baş məşqçisi Alesio Da Silva 15 ildir Azərbaycandadır, ayda 10-15 min dollar pul alır. Uduza-uduza getsə də, federasiya üçün fərq eləmir, yenə də postunda saxlayırlar. Ona “gözün üstə qaşın var” deyən yoxdur. Bu gedişlə onu bundan sonra 30 il də yığmada saxlayacaqlar. Son 15 ildə nə cavan məşqçi yetişdirdilər, nə də köməkçi kimi götürdülər. Yalandan birinin adı gedir, “fiqur” kimi dayanır orada. Azərbaycanda yalnız əcnəbilər qazanırlar. İtirən isə futzalımızdır. Son illər yetişən gənc futzalçılar da yoxdur. Xətai Bağırov, Ramiz Çovdarov, İsa Atayev, Rövşən Hüseynli kimi yerli futzalçılar qalıb, onlar da 2-3 ildən sonra karyeralarını bitirəcəklər. Görünür, federasiyaya belə gedişat sərf edir. Onlara lazımdır ki, baş məşqçi postuna əcnəbi gətirsinlər, yerli mütəxəssislər də savadsız olsunlar. Azərbaycan çempionatında da komanda sayı azdır. Guya çox olanda nə dəyişirdi? “Araz-Naxçıvan” həmişə çempionluğa oynayıb, “Neftçi” və EKOL da 2-3-cü yerlərə iddia ediblər. EKOL-un yaradıcılarından biri mən idim. 2007-ci ildən ötən mövsümə qədər bu komanda fəaliyyətini davam etdirdi. 13-14 il ərzində bir dəfə də olsun qarşılarına çempionluq məqsədi qoymadılar.
- Kiyev “Dinamo”sunda baxışda olan oğlunuz İlham Qəmbərov Ukrayna klubunda qala biləcək?
- Oğlumu Kiyev “Dinamo”sunda baxış üçün Almaniyanın Köln şəhərinə gətirmişəm. Baş məşqçi İlhamı bəyəndiyini, komandada saxlayacaqlarını dedi. Bunun üçün sənədləşmə məsələlərini həll etmək lazımdır. Baş məşqçi bildirdi ki, İlhamın yeganə çatışmazlığı fiziki cəhətdən çatdırmamasıdır. Ukrayna klubları həmişə fiziki hazırlığa ciddi önəm vermələri ilə seçilir. “Dinamo”nun üzvləri qaçqın statusu alaraq burada məskunlaşırlar. Mən də oğlumun burada qalması üçün sənəd işlərini yoluna qoymağa çalışıram.
- Biz əslində 2-3 il əvvəl Donetsk “Şaxtyor”u ilə danışmışdıq. “Şaxtyor”un 2007-ci il təvəllüdlü futbolçularının baş məşqçisi Aleksandr Maksimovla söhbətimiz olmuşdu. Bəzi videoları göndərmişdim, onlar da baxıb demişdilər ki, yoxlanışa gəlsin. Sonra İlhamda boy artımı sürətli getdi, dizində ağrılar oldu. Ardından pandemiya yarandı, daha sonra da Rusiya ilə Ukrayna arasında müharibə başladı. Buna görə də gedişimiz baş tutmadı. Maksimovla tez-tez zəngləşirdik. Bir dəfə dedi ki, “Dinamo” variantı var, istəsəniz onlarla danışa bilərəm. Kiyev klubundakı həmkarına zəng vurdu, o da baxışa getməyimizə razılıq verdi. Ötən ilin dekabrında getməli idik, ancaq vizanı çox gözləməli olduq. Biz hələ Kanada vətəndaşlığını almamışıq, hazırda Azərbaycan vətəndaşıyıq.
- Sənədləşmə işləri nə yerdədir?
- “Dinamo” rəhbərliyi hazırda bizi gözləyir. Sənədlə bağlı problemləri həll edə bilsək, İlham klubla müqavilə imzalayacaq. “Dinamo”nun iki sınaq matçının hər birində 45 dəqiqə iştirak edib.
- Oğlunuzun gələcəklə bağlı hədəfləri nələrdir? Ümumiyyətlə, hara qədər yüksələ bilər?
- Açığı, Ukrayna seçimini mən etmişəm. Öncədən onun ya Ukrayna, ya da Rusiya klublarından birinə keçməsini istəmişəm. Çünki Avropada sənədləşmə işləri çox ağırdır. Bunun üçün gərək bütün işini atasan. İlhamda azərbaycanlıya xas xüsusiyyətlər var, topla davranışı çox yaxşıdır, texnikalıdır. Sənəd problemini həll edə bilsək, “Dinamo”da qalacaq. Əks təqdirdə, başqa variantlar axtaracağıq. “Dinamo” rəhbərliyi yayda Kiyevə qayıtmağı fikirləşir. Belə olsa, biz də ora gedəcəyik. İlham özü də güclü klublarda oynamaq, inkişaf etmək istəyir. Hədəfi gələcəkdə Azərbaycan millisinin şərəfini qorumaqdır.
- Axırıncı dəfə nə vaxt Azərbaycanda olmusunuz?
- Ötən ilin yayında Bakıya gəlmişdik. “Qarabağ”ın aşağı yaş qrupları üzrə məşqçisi Samir Musayevə təşəkkürümü bildirirəm. Ondan xahiş etdik, oğlumun iki həftəyə yaxın orada məşq keçməsinə razılıq verdi. O özü də demişdi ki, İlhamın bacarığı var, üzərində işləmək lazımdır. Fiziki cəhətdən çatdırmasa da, ağıllı oyun sərgiləyir, texnikası yaxşıdır.
- Bəs bundan sonra nə edəcəksiniz?
- Kanadadan köçmək fikrim yoxdur. Həyat yoldaşım “Asperos” klubunun baş məşqçisidir, yaxşı nəticələri var. İki həftədir oğlumla birlikdə Almaniyadayam. Fevralın ortalarına qədər burada qalacağam. Oğlum hələ yeniyetmədir, onu tək qoya bilmərəm. Ola bilsin ki, elə onun yanında qaldım. Bizi narahat edən ən böyük problem onun hələ azyaşlı olmasıdır.
- Azərbaycandan təklif olsa, qayıdarsınız?
- Azərbaycandan təklif olsa, qayıdıb işləyərdim. Amma əminəm ki, oradan mənə heç kim təklif göndərən deyil. Nəinki mən, oradakı azərbaycanlılar da milliyə rəhbərlik edə bilməyəcəklər. Halbuki, Alesio Da Silvanın son 7-8 ildəki nəticələrindən daha yaxşısını edərəm. (Report)