
Strasburqda təmiz idmanın gələcəyini müəyyənləşdirən iki mühüm toplantı – Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 68-ci iclası və Avropa Şurasının Antidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun 61-ci iclası keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanı tədbirlərdə Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
CAHAMA-nın iclasında iştirakçılar Avropanın ortaq mövqelərini müəyyənləşdirərək, qarşıdakı WADA İcraiyyə Komitəsinin gündəliyi ilə bağlı təklifləri müzakirə ediblər.
T-DO-nun toplantısında isə uyğunluğun monitorinqi, Gürcüstan və Bosniya və Herseqovinada aparılan milli qiymətləndirmələr, Avropada dopinq maddələrinin əlçatanlığının azaldılması tədbirləri əsas mövzulardan olub. Nümayəndələr həmçinin “Enhanced Games” təşəbbüsünü qınayıb və 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinə qitənin töhfələrini nəzərdən keçiriblər.
Toplantının ən mühüm məqamlarından biri “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə işçi qrupunun (T-DO GEMA) fəaliyyətə başlamasıdır. Qrup, antidopinq sisteminin bütün səviyyələrində gender bərabərliyinin təmin olunması üçün tövsiyələr və monitorinq mexanizmləri hazırlayacaq. Bu quruma AMADA-nın İcraçı direktorunun müavini, CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisi Rüfət Əfəndiyev rəhbərlik edəcək.
Qeyd edək ki, CAHAMA-nın növbəti iclası noyabr ayında keçiriləcək. 2026-cı ilin martında isə CAHAMA və T-DO yenidən Strasburqda toplanacaq. Bundan sonra isə Bakı WADA-nın Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək.