İspaniya La Liqasında XXVI turaun son görüşü El-Klasikoya təsadüf edib.
Sportnet.az-ın məlumatına görə, “Barselona” “Real Madrid”lə qarşılaşmada əzmkar qələbə qazanıb.
“Nou Kamp”da keçirilən görüşdə ilk qolu kataloniyalıların müdafiəçisi Ronald Arauxo 9-cu dəqiqədə avtoqolla vurub. Bu, həm də XXI əsrdə İspaniya çempionatları çərçivəsində keçirilən El Klasikolarda ilk avtoqol kimi tarixə düşüb.
Lakin meydan sahibləri fasilə ərəfəsində hesaba tarazlıq gətiriblər. Serxi Roberto 45-ci dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə fərqlənib. İkinci hissəsi gərgin keçən qarşılaşmada həlledici qol 90+2-ci dəqiqədə vurulub. Sürətli qurulan əks-hücumu Frank Kessye məntiqi sonluğa çatdırmağı bacarıb. Bu, “Barselona”ya 2:1 hesablı əzmkar qələbə qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 68-ə çatdıran “Barselona” liderliyini bir qədər də möhkəmlədib. Xavi Ernandesin kollektivi ikinci sıradakı “Real Madrid”lə aradakı xal fərqini 12-yə yüksəldərək, çempionluğa bir addım da yaxınlaşıb.