Yulian Nagelsman Almaniya "Bavariya"sının baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə tanınmış idman yazarı Fabritsio Romano sosial şəbəkə hesabında bildirib.
Münhen təmsilçisi tezliklə Tomas Tuxellə 2,5 illik müqavilə bağlayacaq. Tuxelin son iş yeri İngiltərənin "Çelsi" komandası olub. O, 2022-ci ilin sentyabrında Çempionlar Liqasında I turun Xorvatiya "Dinamo Zaqreb"i ilə görüşündə 0:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Almaniyalı mütəxəssis "zadəganlar"a 2020/2021 mövsümündə Çempionlar Liqası və 2022-ci ildə klublararası dünya çempionluğu qazandırıb.
Qeyd edək ki, hazırda "Bavariya" Bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasında titul uğrunda mübarizə aparır. Çempionatda 2-ci yerdə gedən münhenlilər digər iki turnirdə 1/4 finala yüksəliblər. Rəqiblər müvafiq olaraq, "Frayburq" və İngiltərənin "Mançester Siti" klublarıdır.