Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da canlı izlədiyi görüşü FIFA referisi Əliyar Ağayev idarə edib. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirib. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olub.
Hesabı 4-cü dəqiqədə künc zərbəsindən sonra Bafetimbi Qomis açıb. 18-ci dəqiqədə Redon Cica əks-hücumu qolla tamamlayıb. Oyunda son nöqtəni isə ikinci hissədə meydana daxil olan Mauro İkardi qoyub. Argentinalı hücumçu Kevin Medinanın ona qarşı kobudluğundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
Matç ərzində "Qarabağ"ın dəfələrlə fərqlənmək imkanı olub. Lakin meydan sahibləri bu imkanlardan yararlana bilməyib.
Bu, "Qalatasaray"ın son 3 ildə Bakıya ikinci səfəri olub. 2000-ci il sentyabrın 17-də elə Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin oyununda "sarı-qırmızılar" "Neftçi"ni 3:1 hesabı ilə məğlub etmişdilər. Lakin həmin vaxt koronavirus pandemiyası üzündən tribunalara azarkeş buraxılmamışdı.
Bu dəfə isə qarşılaşma dostluq xarakterlidir və xeyriyyə məqsədi daşıyıb. Məhz azarkeşlərdən toplanan vəsait Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcək.
Milli komandaların oyunları ilə əlaqədar hər iki klub meydana bir sıra futbolçularını çıxara bilməyib. Bu səbəbdən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətə digər klublardan da oyunçular cəlb edib.
Xeyriyyə matçı
26 mart
20:00. "Qarabağ" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) - 1:2
Qollar: Redon Cica, 18 - Bafetimbi Qomis, 4. Mauro İkardi, 87 (pen.)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.