UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Portuqaliyada "Benfika" İtaliya "İnter"ini qəbul edib. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Qollar fasilədən sonra vurulub. Nikolo Barella 51-ci dəqiqədə hesabı açıb, Romelu Lukaku isə 82-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə son nəticəni müəyyənləşdirib.
"İnter" kimi İngiltərənin "Mançester Siti" komandası da yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib. "Şəhərlilər" evdə Almaniya "Bavariya"sını darmadağın edib - 3:0. Rodri 27-ci dəqiqədə hesabı açıbsa, Bernardu Silva 70-ci. Erlinq Holann 77-ci dəqiqədə fərqlənib. Beləliklə, "Bavariya" yeni baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında uğursuzluğa düçar olub.
Cavab görüşləri aprelin 19-da keçiriləcək.
11 aprel
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. "Benfika" (Portuqaliya) - "İnter" (İtaliya) - 0:2
Qollar: Nikolo Barella, 51. Romelu Lukaku, 82 (pen.)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, "Eştadiu da Luj" stadionu
23:00. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) - 3:0
Qollar: Rodri, 27. Bernardu Silva, 70. Erlinq Holann, 77
Baş hakim: Hesus Hil Mansano (İspaniya)
Mançester, "Etihad" stadionu
Qeyd edək ki, digər 1/4 final görüşləri aprelin 12-də keçiriləcək. İspaniyada "Real Madrid" İngiltərənin "Çelsi", İtaliyada "Milan" "Napoli"ni qəbul edəcək.