
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin son iki iştirakçısı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, 1/4 finalın Almaniya və İtaliyada keçirilmiş cavab görüşlərindən sonra bəlli olub.
"Bavariya" ilk görüşdə 0:3 hesabı ilə uduzduğu İngiltərənin "Mançester Siti" komandası ilə öz meydanında heç-heçə edib - 1:1. Hesabı 57-ci dəqiqədə qonaq komandadan Erlinq Holann açıb. Bununla da norveçli hücumçu bu mövsüm Avropanın ən nüfuzlu klub turnirindəki qol sayını 11-ə çatdıraraq, vahid liderliyini möhkəmlədib. Meydan sahibləri bərabərlik qoluna 83-cü dəqiqədə Jozua Kimmixin dəqiq penalti zərbəsi ilə imza atıb.
Bununla da "Mançester Siti" yarımfinalda turnirin son qalibi İspaniya "Real Madrid"inə rəqib olub.
"İnter" isə səfərdə 2:0 hesabı ilə yendiyi Portuqaliya "Benfika"sı ilə öz meydanında məğlub edə bilməyib - 3:3. Nikolo Barellanın 14-cü, Lautaro Martinesin 65-ci və Xoakin Korreanın 78-ci dəqiqədə vurduğu qollara Fredrik Eursnes, 38-ci, Antonio Silva 86-cı və Petar Musa 90+5-ci dəqiqədə cavab verib. Nəticədə "İnter" iki oyunun yekununda mərhələ adlayıb və yarımfinalda təmsil etdiyi Milan şəhərinin eyniadlı təmsilçisinə rəqib olub.
UEFA Çempionlar Liqası
1/2 final, cavab görüşləri
23:00. "Bavariya" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1
Qollar: Jozua Kimmix, 83 (pen.) - Erlinq Holann, 57
Baş hakim: Kleman Türpen (Fransa)
Münhen, "Alyans Arena"
İlk oyun - 0:3
23:00. "İnter" (İtaliya) - "Benfika" (Portuqaliya) - 3:3
Qollar: Nikolo Barella, 14. Lautaro Martines, 65. Xoakin Korrea, 78 - Fredrik Eursnes, 38. Antonio Silva, 86
Baş hakim: Karlos del Serro (İspaniya)
Milan, "Cüzeppe Meatsa" stadionu
İlk oyun - 2:0.
Qeyd edək ki, "Real Madrid" yarımfinalda İngiltərənin "Çelsi" komandasını (2:0, 2:0), "Milan" isə "Napoli"ni (1:0, 1:1) üstələyib.
Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək.