“Kubok iki oyundan ibarətdir. Bu gün yalnız ilk hissə bitdi”.
Sportnet.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov evdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləriAzərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis qələbə ilə azarkeşləri sevindirdiklərini bildirib: “Bu gün azarkeşlərimiz önündə çıxış edirdik. Ona görə də ev oyununda üstünlük qazanmaq istəyirdik. Bu gün məğlub olsaydıq, Bakıda işimiz çətin olardı. Stadionda gözəl atmosfer var idi. Azarkeşlərimizi sevindirdiyimiz üçün şadam. İndi artıq ikinci görüşə hazırlaşmalıyıq”.
“Turan Tovuz”un baş məşqçisi qələbəyə baxmayaraq, “Neftçi”nin cütün favoriti olduğunu söyləyib: “Neftçi”nin gücü bəllidir. Heyətində çox yaxşı futbolçular var. İkinci hissədə yaxaladığımız qol epizodundan faydalandıq. Bir qədər zədələr məni üzdü. Sıx qrafikdə oynamağın çətinliyi sözünü deyir. Amma inanıram ki, futbolçularım həm çempionatda, həm də kubokun cavab matçında tam güclərini ortaya qoyacaqlar. Əlbəttə, “Neftçi” favoritdir. Lakin təslim olmayacaq, maksimum mübarizə aparacağıq”.
Abbasov futbolçularını bugünkü görüşə xüsusi motivasiya etmədiyini bildirib: “Turan Tovuz”un müəyyən fasilədən sonra Premyer Liqada ilk ilidir. Amma buna baxmayaraq, kubokda bura qədər irəliləməyimiz özü motivasiyadır. Futbolçular hiss edirlər ki, final oynaya bilərlər. Futbolçu karyerası uzun olmur. Ona görə də hər kəs final həyəcanı yaşamaq, titul qazanmağı arzulayır. Yəni yarımfinalın özü bir motivasiyadır. Son matçlarda müəyyən qədər istədiyimiz nəticələri əldə edə bilmirdik. Futbolçularla söhbətimiz oldu. Mən onlardakı enerjini, istəyi görürdüm. Hansısa oyunda nəticə qazanmaya bilərik. Amma buna qədər olan xalları qazanan da məhz bu futbolçulardır”.
O, kubokda 2 dəfə final oynadığı “Sumqayıt”la hazırkı komandasını müqayisə etmək istəməyib: “Sumqayıt”la “Turan Tovuz”u müqayisə etmək bir qədər düz olmaz. Çünki həmin vaxt sərəncamımda oturuşmuş heyət var idi. İlk finaldan sonra klubdakı inkişaf göz önündə idi. Bəlkə bu dəfə də finala çıxsaq, bu da “Turan Tovuz”un inkişafına təkan verəcək. Amma rəqibi unutmaq olmaz. “Neftçi” də neçə ildi finala çıxa bilmir. Onlar da kuboku qazanmaq istəyirlər. Ona görə də bizi çox gərgin cavab matçı gözləyir”.
Abbasov qarşıdakı Premyer Liqa matçında güclərini kubokun cavab oyununa qorumayacaqlarını vurğulayıb: “Qarşıda bizi “Sabah”la çətin çempionat oyunu gözləyir. Həmin matçda gücümüzü qoruyacağımızı deyə bilmərəm. Düzdür, heyətdə dəyişikliklər olacaq. Həm qrafik sıxdır, həm də zədəlilərimiz var. Lakin unutmaq olmaz ki, bizim çempionatda da xallara ehtiyacımız var”.