"Rəqibi təbrik edirəm. Çox yaxşı, kuboka uyğun oyun oldu".
Sportnet.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra CBC Sport-a açıqlamasında deyib.
57 yaşlı mütəxəssis komandasının göstərdiyi xarakterdən məmnunluq ifadə edib: "Qəbələ"nin ilk yarıda epizodu olmadı, biz isə 3 epizod yaratdıq. İkinci hissədə ilk qırmızı vərəqə oyunun taleyini həll etdi. Ümumilikdə 3 qırmızı vərəqə isə oyunumuza mənfi təsir etdi. Hər 3 vərəqə oyun epizodlarında oldu. Amma Adil Nağıyevin o vəziyyətdə qırmızı vərəqə almasını heç bəyənmədim. Bunu özünə də dedim. Qırmızı vərəqələr olmasaydı, biz finala çıxmağa daha layiq idik. Komandamın xarakterindən razı qaldım, futbolçularımın qələbə istəyi məni sevindirdi".
Diniyev Misli Premyer Liqasında son pillədə gedən komandasının durumunun çox çətin olduğunu vurğulayıb: "Buna görə də iki heyətlə mübarizə aparırıq".