"Qarabağ"ı layiqli çempionluğu üçün təbrik edirəm və Çempionlar Liqasında onlara uğurlar arzulayıram. Komanda bacardığı qədər mübarizə apardı. İlk qol vuran qalib gələcəkdi".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis görüşü belə dəyərləndirib: "İlk hissədə iki qol epizodumuz oldu. Fasilədən sonra qol buraxdıq və komanda sındı. Bu cür rəqib olanda, geri dönüş çətin olur. Səviyyə öz sözünü dedi. İki standartdan buraxdığımız qollar yerində deyildi. Hesab oyuna görə deyildi. 0:3 darmadağındır, amma oyuna görə deyildi. Fərdi keyfiyyət öz sözünü dedi. Qarşıda iki oyun var və maksimum nəticə üçün meydana çıxacağıq. Ruhdan düşmək lazım deyil, hər şey öz əlimizdədir. Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar".
Diniyevin komandası turnir cədvəlində 25 xalla 9-cudur. O, I Diviziona enməyə layiq olmadıqlarını vurğulayıb: "Çalışacağıq ki, uğurlu nəticələr əldə edək və məsələni son tura saxlamayaq. Necə olacağını oyun və zaman göstərəcək. Hər şeyin son tura qalmasını istəmirik, qalsa da, bacardığımızı edəcəyik. İlk gündən demişəm, göstərdiyi oyuna görə, komandamız Premyer Liqadan çıxmağa layiq deyil".