"Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatması barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis bütün güclərini ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacaqlarını söyləyib: "Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır. RFŞ Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Konfrans Liqasının qrup mərhələsində iştirak ediblər. Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onların avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq".
Musayev Şimali Makedoniya təmsilçisi “Makedoniya”nın ardıcıl ikinci il ölkə kubokunu qazandığını vurğulayıb: "Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir. Növbəti mövsümün hazırlıqlarına bu gün başlayacağıq. Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq”.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Komanda ilk matçını iyulun 27-də səfərdə, cavab qarşılaşmasını avqustun 3-də evdə keçirəcək.