“Bu mövsüm çox tənqid olunacağıq. II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin. Bütün bunlara hazırlıqlı olmalıyıq”.
Sportnet.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatması zamanı deyib.
Qurum rəsmisi bildirib ki, idman prinsiplərinin qorunması onları sevindirib: “Hər dəfə çalışırıq ki, ötən mövsümdən daha yaxşı yarış keçirək. Sevindirici məqam ötən mövsüm idman prinsiplərinin qorunması idi. I Diviziona düşən komanda olmasaydı, çempionatın marağı qalmayacaqdı. İdman mübarizəsinin olması oyunçular üçün də əladır. Hər dəfə idman prinsiplərinin qorunmasını istəyirik”.
O, elitaya qayıdan “Araz-Naxçıvan"ın infrastrukla bağlı problemlərinin olduğunu gizlətməyib: “Görünən odur ki, bu problem qarşıdakı mövsüm də davam edəcək. Stadionların normal olması üçün əlimizdən gələni edəcəyik”.
Funksioner bildirib ki, legioner rüsumu ilə bağlı klublara güzəşt edilməyəcək: “Əgər əlavə məbləğ ödəmək istəmirlərsə, yerli oyunçulara üz tutsunlar”.