“İlk növbədə qonaqpərvərliyə və xoş münasibətə görə, həm Bakı əhalisinə, həm "Qarabağ" klubuna, həm də jurnalistlərə təşəkkürümü bildirirəm. Oyunun başlanğıcından, ilk dəqiqələrindən bizim üçün çətin oldu. Buna da hazır idik, belə olacağını gözləyirdik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Linkoln"un baş məşqçisi Xavi Munyoz Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la Bakı Olimpiya Stadionundakı cavab görüşündən (0:4) sonra mətbuat konfransında deyib.
"Uduzmağımıza baxmayaraq, klubun rəhbərliyi, texniki heyəti, futbolçular, bütün komanda ilə qürur duyuruq. Biz Avropada mübarizə aparan çox sadə klubuq. Bu gün “Qarabağ” həqiqətən qələbəyə layiq idi və bizdən çox üstün futbol nümayiş etdirdi. Biz də son dəqiqələrədək əlimizdən gələni etdik, mübarizə apardıq. Bundan sonra da belə olacaq” - deyə o bildirib.
Mütəxəssis “Qarabağ”ın erkən qolunun planlarını pozduğunu söyləyib: “Bu dəfə “Qarabağ” oyunun 10-cu dəqiqəsində hesabda önə çıxdı. Rəqibin heyətində texniki cəhətdən üstün keyfiyyətlərə malik futbolçular var. Həm fərdi, həm də kollektiv baxımından onlar üstün idilər. Erkən qol planlarımızı pozdu. Oyunu əks-hücumlar üzərində qurmaq istəyirdik. Rəqib buna imkan vermədi”.
O, “Qarabağ”ın Çempionlar Liqasındakı gələcək perspektivi barədə də danışıb: “Gördüyüm qədəri ilə “Qarabağ” bu mərhələdə mübarizə aparan istənilən komandaya qalib gələ bilər. Polşa çempionu ilə oyun heç də asan olmayacaq. “Qarabağ” bu baş məşqçi və heyətlə istənilən rəqiblə mübarizə apara bilər”.