
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.
Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.
Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.
Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.
17 avqust
22:00. "Beşiktaş" (Türkiyə) - "Neftçi" (Azərbaycan) 2:1
Qollar: Vensan Abubakar, 57. Cekson Muleka, 71 - Emin Mahmudov, 36
Baş hakim: Julian Veynberger (Avstriya)
İlk oyun - 3:1
"Vodafon Park"