"Hesab bizi aldatmasın. 6:0 olsa da, asan qələbə deyildi. Belə oyunlar çox çətindir. Motivasiya tam başqa olur. Futbolçuları aşağı liqa komandalarına qarşı oyuna kökləmək çox çətindir. Psixoloji cəhətdən özlərini yuxarıda hiss edirlər".
Sportnet.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/8 finalında bu gün "Şamaxı"ya qalib gələrək 1/4 finala yüksəldikləri oyundan sonra mətbuat konfransında deyib:
O, 6:0 hesablı qələbəni belə şərh edib: "Oyunçulara başa saldıq ki, "Şamaxı" yaxşı komandadır, yüksək səviyyəli oyunçuları var. Şadam ki, futbolçularım bunu anladı və oyuna ciddi yanaşdılar. Bizim də problemlərimiz böyükdür. Əsas heyətin 7-8 futbolçusu yoxdur. Bu, kiçik komanda üçün böyük itkilərdir. Bu il bir oyunumuz qalıb. Sıx qrafikdəyik. Çalışdım ki, heç bir futbolçu oyun ritmindən düşməsin. Bərpa olunmaq üçün vaxtımız da yoxdur".
"Səbail"in 2023-cü ildə sonuncu oyununu "Sumqayıt"a qarşı keçirəcək. Ş.Diniyev bu matçın çətin olacağını bildirib: "Son turda da uğurlu çıxış etməyə çalışacağıq. "Sumqayıt" ayın 18-də oynamışdı, biz isə bu gün. Üç gündən sonra matç var. Çempionatın axırıdır, hər bir futbolçuda "çemodan əhval-ruhiyyəsi" var".
Baş məşqçi ilk hissənin əvvəlində "Şamaxı"nın nisbətən üstün oynadığını qeyd edib6 "Bu gün bizim heyətdə üç gənc futbolçu var idi. Onlar həyəcanlı idilər, başa düşürəm. Sıxmaq da istəmirəm. Oyunları getmədikcə "Şamaxı" oyunu ələ almağa çalışırdı. Amma komandamızda təcrübəlilər var".
Ş.Diniyev gənc futbolçularını 1-ci liqa klublarına icarəyə verməyə hazır olduqlarını qeyd edib: "Birinci liqa ilə əvəzedicilərin yarışında fərq var. Orada kişi futboludur, böyüklərin oyunudur. Futbolçularımız kiməsə lazım olarsa, pulsuz icarəyə verməyə hazırıq. Hətta pulunu özümüz ödəyərək belə, verə bilərik ki, oyunçular inkişaf etsin. Komandayıq, amma kluba çevrilmək istəyiriksə, öz yetirmələrimizə diqqət etməli və onların inkişafı üçün hər şeyi etməliyik".