
“Oyuna yaxşı başladıq. Bir neçə qol epizodumuz var idi. Rəqib də pis təsir bağışlamadı. Onlara qibtə etmək üçün səbəblər var. Bir neçə dəfə VAR-a müraciət olundu. Bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci yarı da azarkeşlər üçün maraqlı oldu. Bizim üçün bir az əsəbi keçdi. Başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan "Forza Neftçi" azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi şəkildə dəstək göstərdilər".
Sportnet.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını da cavablandırıb.
- Lukas Melanoya şans verilmir. Bu nə ilə bağlıdır? O, sizin oyun üslubunuza uyğun gəlmir?
- Melano çoxdandır zədəlidir. Fiziki durumunu bərpa edir.
- Brayan Moreno və Yeqor Boqomolski hücumda yaxşı çıxış etmir. Amma əvəzedici heyətdə oynayan Ağadadaş Salyanski hər görüşdə qol vurur. Ona şans vermək olmaz?
- Ağadadaş bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik.
- Mərhələni adladınız. Bəs, komandanın oyunu sizi razı saldı?
- Kubok elədir ki, cəmi 1-2 oyununuz olur. Əsas olan mərhələni adlamaqdır. Heç vaxt oynadığımız oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyərdim. Biz layiqli qələbə qazandıq. Oyuna diqqətli baxanlar gördü ki, qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi.
- Rusiyada uğurlarınız daha çox kubokla bağlıdır. Azərbaycan Kubokunda finala gedən yolu necə dəyərləndirirsiniz? Yarımfinalda "Qarabağ"la qarşılaşacaqsınız...
- Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu "Araz-Naxçıvan"la oynayacağıq. "Qarabağ"la oyuna iki ay var.
- Dediniz ki, oyunda qeyri-müəyyənlik var idi. Bu, hakimliklə bağlıdır?
- Oyuna diqqətlə baxmısınızsa, məncə, bu, artıq aydındır. Bu barədə mən danışmamalıyam.