“Bilmirəm nə deyim. İlk hissə əla futbol oynadıq. İki qol vurduq. Daha çox fərqlənə bilərdik. Rəqibin isə heç bir imkanı yox idi. Lakin bir səhv hər şeyi korladı. Azlıqda qaldıqdan sonra çətin idi”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 25-ci turunda “Səbail”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
“CBC Sport”a açıqlamasında gürcü mütəxəssis bildirib ki, komandası xarakter göstərə bilməyib: “Rəqib hər 3 qolu standart vəziyyətdən verdi. Deyəndə ki, sona kimi oynamaq lazımdır, deməli, sona kimi də mübarizə aparmaq lazımdır. Belə məğlubibiyyət çox məyusedicidir. İstəniləmn halda qalib gəlməliydik. Azlıqda qalsaq da, 2:0 öndə idik və komanda xarakter göstərməli idi. Lakin ikinci hissədə meydanda cəmi 1 komanda oynayırdır. Təəssüf ki, bu gün xarakter göstərə bilmədik. Eləcə də futbolçuların ustalığı çatmadı”.
Sxadadze futbolçularının hər matçda qırmızı vərəqə almasından narazılığını ifadə edib: “Bura gəldiyimiz gündən işləyirik. Gəlmişik ki, komandaya kömək edək. Sistemi dəyişdik. Qısa müddətdə dəyişiklik göz önündədir. 11-11-ə yaxşı oynayırıq. Necə ki, bu gün ilk hissədə “Səbail”dən tam üstün idik. Lakin hər matçda qırmızı vərəqə alacağıqsa, mən nə edə bilərəm? Çox məyusam. Bu, “Qəbələ”nin cari mövsümdə artıq 12-ci qırmızı vərəqəsidir. Belə olmaz. Bu halda nəticə qazanmaq çox çətindir”.