
Azərbaycan Premyer Liqasının XXVII turunun "Sumqayıt" - "Sabah" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- İlk növbədə futboçularımı təbrik edirəm. Xüsusilə, birinci hissə yaxşı oynadılar, nəzarət bizdə idi. Rəqibi də təbrik edirəm, yaxşı komandadır. Bizdən irəlidə idilər. Bura qələbə üçün gəlmişdik. Dramatik deməzdim, amma fiziki cəhətdən oyundan düşdük. Bu həftə ərzində Kristian Silva, İshak Belfodil və Marqaritada problemlər var idi. Deyə bilərəm ki, oyunçularımdan məmnun qaldım. Rəqib bizi sıxsa da, təzyiqdən çıxa bildik. Həm də xoşbəxtəm ki, gənc oyunçumuz - Rauf ikinci hissədə meydanda yaxşı oyun göstərdi.
- "Qarabağ"dan sonra altı komanda ikincilik üçün mübarizə aparır. Bu yolda ciddi rəqiblərinizdən birini məğlub etdiz. Avrokuboklar üçün hansısa bir komanda fikirləşmisizmi? Hansısa transferlər...
- İkinci yer üçün mübarizə aparırıq. Bizimçün çətin olacaq. Yaxınlığımızda güclü komandalar var. Məqsədimizə çatmaq üçün çalışacağıq. Əlbəttə, addım-addım gedirik. Qarşıda götürə biləcəyimiz potensial 27 xal var. Uşaqlara üç gün istirahət verəcəyik. Beşinci gündən etibarən hazırlıqlara başlayacaq.
- Avrokuboklar üçün heyət fikirləşmisiniz? Özünüzü komandada uzunmüddətli görürsünüzmü?
- Transferlər haqda gələcəkdə danışa bilərik. Hər komanda güclənmək istəyir. Hazırda daxildə bəzi oyunçularımız zədəlidir. Güclənmək istəyi normal haldır.
- Komandadan xüsusilə ilk hissədə razı qaldığınızı dediz. Futbol 90 dəqiqədir. Bəs oyun keyfiyyəti sizi qane etdi?
- Keyfiyyət sadəcə hücum deyil, bəzən müdafiə də önəmlidir. Bəzi oyunçuların zədəli olduğunu qeyd etdim. İtkilər oyunumuza təsir edir. Birinci hissədə hücumda yaxşı oynadıq.
- 10 gündən artıqdır, komandadasınız. Qarşıdakı turlar üçün əsas prioritet, sizi narahat edən məqam hansıdır?
- Hazırda çox şey deyə bilmirəm. Qarşıdakı həftələrdə bəzi şeylər bilinəcək. Bir neçə məqamda daha sakit olmalıyıq. Bəzi oyunçular davranışlarını dəyişməlidirlər. Bunu edə biləcəklərinə əmin deyiləm. Dəyişmək, inkişaf etmək istəyən oyunçu bizimlə olacaq.
- Bu gün 0:2-dən sonra komandanızın müdafiə olunmasından razı qaldınız?
- Ümumi olaraq yaxşı oynadıq. Bəzi səhvlər oldu, amma bu, normal haldır. 10 gün ərzində bəzi şeyləri müsbətə doğru dəyişmişik. Lakin 10-15 günə böyük dəyişiklik etmək olmur.
- Komanda təzyiq altında təlaşlı idi. Hücuma da düşünülmüş formada çıxılmırdı...
- Son 15 dəqiqədə təzyiq altında idik. Apehi saldıq ki, irəlidə top saxlasın. Oyunu bitirə bilərdik. Hücumda bir epizodumuz var idi, qol vurub matçı həll edə bilərdik. Xəyal epizodu düzgün dəyərləndirə bilmədi. Gənc oyunçudur, belə hallar olur. Meydana daxil olandan sonra da aktivlik göstərdi. (Futbolpress)