Azərbaycan Premyer Liqasının XXVIII turunun "Sumqayıt" - "Araz-Naxçıvan" oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- İlk hissə demək olar, tam üstünlüyümüzlə keçdi. Meydanda bir komanda var idi. Epizodlarımız da çox idi, qol vurub, ikinci hissə rahat oynaya bilərdik. Fasilədən sonra yorğunluq hiss olundu. Bu fonda bir az keyfiyyət aşağı düşdü. Ümumilikdə üstünlük bizdə oldu və layiqli qələbə qazandıq. Bütün oyunlar vacibdir. Hər matça qələbə üçün çıxacağıq.
- Turun son oyunu idi və əvvəlki nəticələrdən xəbərdar idiniz. Bu, sizi təzyiq altına salırdı?
- Nəticələrin təzyiq yaradacağını bilirdik. Samir Abasov da demişdi ki, uşaqları bu təzyiqdən çıxart. Futbolçulara deyirik ki, meydana çıxın və gözəl futbol göstərin. Onlara hansısa yeri tutmalıyıq deyə, tapşırıq vermirik.
- Penalti epizodu haqda fikirləriniz nədir?
- İzləməmişik, baxacağıq. Haqsızlığı nədə görürlər? Təmas varmı deyə, yoxsa epizod bitmişdi deyə? Top meydançadadırsa, penalti verilməlidir. Top meydanı tərk etsəydi, təmas olsa da, hakim fərqli qərar verə bilərdi. Top meydançadadır və cərimə varsa, penaltidir.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Rəqib də, biz də narazı idik. Hakimlər də səhvlər edir. Biz də haqsızlıqla üzləşdik. Bəzi qərarlarda yanlışlıq oldu. Ümumilikdə, hakimliyin bərbad olduğunu deməzdim.
- "Sumqayıt" üçün baxımlı oyun, yoxsa üç xal vacibdir?
- Vacib üç xaldır. Amma yaxşı oyunla üç xal daha ləzzətli olur.
- Bu oyunla komanda avrokuboklara vəsiqə qazansa, nə qədər irəli gedə bilərsiniz?
- Avrokuboklara getsək, komanda güclənməlidir və bu istiqamətdə işlər görüləcək. Qışda transfer edə bilmədik. Bu, sırf maliyyə ilə də bağlı deyil. Qışda oyunçu tapmaq çətindir. Avrokuboklara getməsək də, güclənməyə çalışacağıq. (Futbolpress)