"Sabah çox ciddi rəqibə qarşı oynayacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda "Zirə"yə qarşı keçirəcəkləri final matçından öncə mətbuat konfransında deyib.
O, oyunun asan olmayacağını bildirib: "Zirə" çempionatda ikinci yeri tutdu. Bizə qarşı rahat oynayacaqlar. Matça pis hazırlaşmamışıq. Penaltilər seriyasına isə psixoloji hazırlaşmaq lazımdır. Ümumiyyətlə, final oyunlarına fərqli yanaşıram. Amma çempionatın sonunda futbolçuların fiziki formalarını qorumasını tələb etmək düzgün deyil".
52 yaşlı mütəxəssis qapıda Andrey Lunyova şans verəcəyini bildirib: "Qapıda üstünlüyü Lunyova verməyi düşünürəm. Amma bu gün üçün bununla bağlı qəti heç nə deyə bilmərəm".
Q.Qurbanov Çempionlar Liqasının "Real" və Dortmund "Borussiya"sı arasında bu gün keçiriləcək final matçı barədə fikirlərini də bölüşüb: "Axşamkı oyunda layiq olan qalib gəlsin. İstərdim ki, "Real" qələbə qazansın. Belə olan halda futbolçularımız əlavə bir neçə gün də istirahət edə biləcəklər".
Qeyd edək ki, iyunun 2-də "Liv Bona Dea Arena"da keçiriləcək "Qarabağ" - "Zirə" görüşü saat 20:00-da başlayacaq.