
“Sabah çox vacib oyuna çıxacağıq. Bundan öncə bir dəfə tarix yazmışıq”.
Sportnet.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Macarıstan yığmasına qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
Mütəxəssis bildirib ki, pley-off mərhələsinə vəsiqə qazana bilsələr, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirlər: “Məqsədimiz bunu reallaşdırmaqdır. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz - Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, B liqasının V turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan–Macarıstan görüşü saat 20:00-da başlayacaq. Millimiz seçmə mərhələnin son turunda isə iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.