"Azərbaycan yığmasındakı ilk ilimdəcə Avropa çempionatında medal qazana bildiyim üçün çox şadam". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına açıqlamasında idman gimnastımız Anna Pavlova deyib.
Bolqarıstanın paytaxtı Sofiyada gümüş medal qazanmış Pavlova deyib ki, qızıl medal şansı da olub. Lakin isveçrəli Culiya Ştaynqruberhər iki tullanma hərəkətini daha yaxşı yerinə yetirib: "Amma mən kefimi pozmuram. Əsas odur ki, məşqçinin tapşırığını yerinə yetirdim və müəyyən fasilədən sonra qadın gimnastikasında ən yüksək statusumu təsdiqlədim".
Gimnastımız planlarından da danışıb. O bildirib ki, payızda Çində keçiriləcək dünya çempionatına bütün komanda yoldaşları ilə birgə ciddi hazırlaşacaqlar: "Orada da özümün və komanda yoldaşlarımın Avropa çempionatından yüksək səviyyədə çıxış edəcəyimizə ümidvaram. Dünya çempionatından sonra isə bütün komanda ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlaşacaq və yaxşı nəticələrlə əziz azarkeşlərimizi sevindirməyə çalışacağıq".