"Selcan Mahsudovanın sabahkı finallara yüksələcəyinə inanırıq".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Bakıda təşkil edilən batut gimnastikası üzrə Dünya Kuboku barədə danışarkən deyib.
O, Milli Gimnastika Arenasında keçirilən turnirdə Azərbaycan təmsilçisi Selcan Mahsudovadan uğurlu çıxış gözlədiklərini bildirib: "Selcan ötən ilki yarışda gümüş medala layiq görülmüşdü. Ümumiyyətlə, 2022-ci ildə keçirilən batut gimnastikası üzrə Dünya Kuboku yarışlarının nəticələrinə əsasən, o, Beynəlxaq Gimnastika Federasiyasının kubokuna layiq görülüb. Mahsudova Bakıdakı yarışa böyük səylə hazırlaşıb. Ümid edirik ki, bugünkü təsnifat mərhələsində layiqli çıxış nümayiş etdirəcək".
N. Məmmədzadə əlavə edib ki, builki Dünya Kuboku mərhələləri idmançılar üçün çox vacibdir: "Beynəlxalq Gimnastika Federasiyasının seçiminə əsasən, bu il və gələn il baş tutacaq Dünya Kuboku yarışları Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Azərbaycan Gimnastika Federasiyası ənənəvi olaraq bir kişi və bir qadın gimnasta mükafat təqdim edəcək. Bunlar ən yüksək icra xalını toplayanlar olacaqlar".
Baş katib bölgələrdə gimnastikanın inkişafının da onlar üçün önəmli olduğunu vurğulayıb: "Bu, əsas prioritetlərdən biridir. Bölgələrimizdə gimnastlarımız nə qədər çox olsa, bir o qədər inkişafa təkan verər. Eyni zamanda milli komanda üçün seçim imkanı da artar".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kuboku iki gün davam edəcək.