İdman Araşdırmalar Mərkəzi 22 iyul – Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Şahmat Federasiyası ilə birgə jurnalistlər arasında turnir keçirəcək. Sportnet.az-ın məlumatına görə, "Media Kuboku” adlanan yarış iyulun 20-də Bakıdakı "Demirchi Tower” biznes mərkəzinin konfrans zalında təşkil olunacaq.
Turnirin sponsoru "Kolizey İnşaat”, informasiya dəstəkçisi isə "Report” İnformasiya Agentliyidir.
Əsasnaməyə görə, 16 iştirakçı 1/8 final mərhələsindən olimpiya sistemi üzrə mübarizəyə başlayacaq. Qaliblər növbəti mərhələyə yüksələcək və turnir bu qayda ilə final görüşünün nəticəsi bilinənədək davam edəcək. Məğlub şahmatçılar isə eyni sistemlə 3-cü yer uğrunda görüşün qalibi müəyyənləşənədək yarışacaqlar.
Cütlüklərin tərkibi və iştirakçıların hansı rəngli fiqurlarla oynayacaqları püşkatma yolu ilə müəyyənləşəcək. Hər bir qarşılaşma bir partiyadan ibarət olacaq. Rapid sistemi ilə keçiriləcək partiya zamanı iştirakçıların hərəsinə 15 dəqiqə vaxt veriləcək. Görüşlərin yekununda heç-heçə qeydə alınsa, fiqurları dəyişmək şətilə 5 hərəyə dəqiqəlik vaxt verilməklə, blits oyun təşkil olunacaq.
Bütün iştirakçılara diplomlar, ilk 3 yerin sahiblərinə isə pul mükafatları təqdim olunacaq.
Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Vitali Sapronovdur.
"Media Kuboku”nun püşkatma mərasimi sabah saat 11:00-da başlanacaq. Turnirin fəxri qonaqları qismində beynəlxalq qrosmmeysterlər Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun iştirakı gözlənilir.